20 Yanvar - Ümumxalq Hüzn Günü
92Keçmiş Sovet İttifaqı rəhbərləri tərəfindən Azərbaycan xalqına qarşı amansızcasına törədilmiş Qanlı Yanvar faciəsindən 35 il ötür. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq və öz hakimiyyətlərini qorumaq idi.
1990-cı il Qanlı Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Beləliklə, Sovet qoşunlarının Bakıya qanunsuz yeridilməsi nəticəsində 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Ulu öndər Heydər Əliyev hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
1994-cü il martın 29-da Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümündə Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.