Tədqiqatlar
Son on ildə Mərkəzi Nəbatat Bağının mühüm elmi nəticələri aşağıdakılardır:
- Yerli floradan və mübadilə yolu ilə alınmış toxumlardan 27 yeni ağac, kol, ot bitkisi növləri, 41 yeni süsən, 14 günotu, 15 payızgülü və 400 qızılgül sortundan ibarət kolleksiya yaradılmışdır (2004);
- 19 bitkinin morfogenezi, struktur əlamətləri, uyğunlaşma imkanları öyrənilmiş və becərilmə üsulları işlənib hazırlanmışdır (2005);
- göyrüş növlərinin meyvələrinə görə dixotomik təyinat açarı təsvir edilmişdir (2006);
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 4 aprel 2008-ci il tarixli 96 saylı əmrinə əsasən Mərkəzi Nəbatat Bağında yetişdirilmiş “Əsrin müqaviləsi”, “Sarı gəlin” və “Nazpəri” qızılgül sortları üçün Patent alınmışdır;
- in situ şəraitində reintroduksiya edilmiş 5 növ ağac və kol bitkilərinin böyümə və inkişaf xüsusiyyətləri ex situ şəraiti ilə müqayisəli şəkildə öyrənilmişdir (2009);
- 5 növ bitkinin introduksiya şəraitində morfogenezi, struktur əlamətləri, o cümlədən ontogenezin ilkin dövrü üçün becərilmə üsulları işlənib hazırlanmışdır (2009);
- Qarğasoğanı cinsinin 5 növünün (Gladiolus halophilus Boiss.et Heldr. – şoranyer qarğasoğanı, G.atroviolacea Boiss. – tünd-bənövşəyi qarğasoğanı, G.communis - adi qarğasoğanı, G.imbricatus L. – kərpicvari qarğasoğanı, G. italicus Mill.- İtaliya qarğasoğanı) əkin və səpin materiallarının genofondu yaradılmışdır (2010);
- Respublika biomüxtəlifliyinin tədqiqi ilə əlaqədar Sünbülçiçəkkimilər fəsiləsindən 3 nadir növün –Alban yabanı sünbülçiçəyi (Bellevalia albana Woronow), Fomin yabanı sünbülçiçəyi (Bellevalia fomini Woronow) və Qəşəng gəmirici soğanının (Muscari elegantulum Schchian) kolleksiyası yaradılmışdır (2011);
- Qafqazın və ona qonşu bölgələrin şam (Pinus sylvestris L.) populyasiyalarının fenogenetik differensiasiyası öyrənilmişdir (2012);
- Şam növlərinin taksonomiki, biomorfoloji və rentgenoloji xüsusiyyətlərinin tədqiqindən alınan nəticələrin əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarının tədqiqi ilə eldar şamının (Pinus eldarica Medw.) sərbəst növ statusu sübuta yetirilmişdir (2013).