Mərkəzi Nəbatat Bağı ilə Botanika İnstitutunun birgə təşkilatçılığı ilə “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
260AR ETN Botanika İnstitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir. Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs, Dendrologiya Bağı Publik Hüquqi Şəxs, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən Mərkəzi Nəbatat Bağının rəhbərliyi Natiq Allahverdiyev qonaqları və iştirakçıları salamlayıb. N.Allahverdiyev qeyd edib ki, "Mərkəzi Nəbatat Bağı 1934-cü ildə Bakı şəhərinin cənub qərbində salınmışdır. Bağ yaradıldığı gündən öz fəaliyyətində dünyanın digər Nəbatat bağlarında olduğu kimi canlı bitki kolleksiyalarının toplanması, mühafizəsi, genofondun zənginləşdirilməsi, təhsil, ekoloji-maarifləndirmə və bir çox vəzifələri yerinə yetirir. Bağın yaradılmasında təbiət sevər insanlarımızın, alimlərimizin əkdiyi fidanlar hal-hazırda qocaman ağaclara çevrilmişdir. Bağ bizə onlardan qalan dəyərli mirasdır. Son illərdə müəyyən səbəblərdən 2013-2021-ci ilin oktyabr ayına qədər, Mərkəzi Nəbatat Bağı böyük çətinliklərlə üzləşmiş, Bağ bu illər ərzində çətin günlərini yaşamışdır.Bütün bunlar sizlərin gözünüzün önündə olduğu üçün, siz də şahidsiniz. Eyni zamanda 2021-ci ilin oktyabrından 2024-cü ilin bu gününə qədər Mərkəzi Nəbatat Bağında görülən işlərin nəticələri, quruculuğu və bioloji inkişafı da sizin gözünüzün önündədir. Hal-hazırda MNB-ı özünün inkişaf dövrünü yaşayır. Biz bu mirasa layiqincə xidmət edirik və edəcəyik.
Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu 1969–1982-ci illərdə, Respublikamızda bütün sahələrdə olduğu kimi, Mərkəzi Nəbatat Bağının da sürətli inkişafı, tərəqqisi və çiçəklənməsi dövrü kimi yaddaşlara həkk olunmuşdur. Məhz bu dövrdə MNB-da ağac, kol bitkilərinin introduksiyasının daha da genişləndirilməsi Abşeronun, o cümlədən Bakı və digər şəhərlərin yaşıllaşdırılmasında müstəsna rol oynamışdır. Bu bir həqiqətdir ki, Mərkəzi Nəbatat Bağı Abşeron mühitinin içində yeni bir mühitdir. Təbiətdə elə bir bitki növü yoxdur ki, Mərkəzi Nəbatat Bağında yetişdirilməsi mümkün olmasın.
Mərkəzi Nəbatat Bağının abadlaşdırılması, yenidən qurulması və hərtərəfli inkişafı üçün Möhtərəm Prezidentimiz Cənab Ilham Əliyev “Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma, biomüxtəlifliyin zənginləşdirilməsi və quruculuq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” 5 may 2022-ci il tarixli sərəncam imzalamışdır. Hazırda dünyada mövcud olan iqtisadi böhrana baxmayaraq, Dövlətimiz Bağın inkişafı üçün böyük miqdarda vəsait ayırmışdır. Bağın kompleks inkişafı ilə bağlı sərəncamdam irəli gələn işlərin həyata keçirilməsi ilə yanaşı Birinci Vitse Prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti çox hörmətli Mehriban Xanım Əliyevanın Mərkəzi Nəbatat Bağının inkişafı naminə göstərdiyi qayğı və təşəbbüslə Mərkəzi Nəbatat Bağı sözün əsl mənasında özünün intibah dövrünü yaşamaqdadır.
BMT-nin Qlobal iqlim dəyişkənliyinə həsr olunmuş COP29 kimi mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsi də təsadüfi deyildir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu haqda fikirlərini belə ifadə etmişdir: “COP 29-a ev sahibliyi edəcək ölkə kimi, yektil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti olaraq hesab edirik.”
Mərkəzi Nəbatat Bağının florasının elektron bazasının yaradılması məqsədilə Bağda mövcud olan bitkilərin inventarlaşdırılması haqqında keçmişdə də ideya və təşəbbüslərin olmasına baxmayaraq, belə bir taleyüklü problem, nəhayət ki, 2023-cü ildə öz həllini tapmışdır. Bitkilərin Elektron bazasını yaratmaq yaxın gələcəkdə Bağın elektron xəritəsinin yaradılmasına da zəmin yaratmışdır.
2022-2023-cü illərdə Bağın bitki örtüyünün növ tərkibi və sayı haqqında statistik məlumat İllik Bülleten jurnalında nəşr etdirilərək cədvəl şəklində yerləşdirilmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Bağın 46 hektarlıq ərazisində bitkilərin növ sayı 1463 , ümumi sayı isə 36 941 ədəddir. Bu haqda Bağın Bülleten jurnalının 1-ci nəşrində dəqiq və ətraflı məlumatlar yerləşdirilmişdir.
Mərkəzi Nəbatat Bağının 2022-2024-cü illər ərzində 220 növ olmaqla on minlərlə bitki introduksiya olunmuş, onun 70 növü nəsli kəsilməkdə olan bitkilərinin bazasının gücləndirilməsi məqsədilə gətirilmiş, 150-i növü isə ilk dəfə Mərkəzi Nəbatat Bağında olmayan bağın biomüxtəlifliyinin zənginləşdirilməsi məqsədilə introduksiya olunaraq əkilmişdir. 2024-cü il mövsüm ilə əlaqədar əkin prosesləri davam edir. Bağımızda mütəxəssislər tərəfindən yaradılan elmi komissiyanın nəzarəti altında bitkilər qəbul edilir. Onlar istixanalarda bir qismi mühitə uyğunlaşdırılaraq, Bağda müəyyən edilmiş ərazilərə əkilir. Həmin bitkilər Bağda bioloji cəhətdən inkişaf etdirilərək gələcəkdə Abşeronun, Bakı və digər şəhərlərimizin davamlı, dayanıqlı yaşıllaşdırılmasında istifadə olunacaqdır. Şəhərlərimizin daha geniş yaşıllaşdırılmasında Nəbatat Bağlarının rolunun əsas istiqamətindən biri də növ müxtəlifliklərini tətbiq etməklə ekoloji tarazlığın təmin edilməsidir. Şəhərimizin abadlaşdırılmasında fitodizayn etməklə şəhərimizin gözəlliyinə əlavə zənginliyin qatılması, eyni zamanda fauna növlərimizin qorunması məqsədilə yaşıllıqlar daha da genişləndirilməlidir. Belə ki, şəhərin yaşıl libasının yaradılması şəhər mühitinin oksigenlə təmin olunması ilə yanaşı, şəhərdə sinontrop orqanizmlər üçün qoruyucu, sığınacaq, yem funksiyasını təmin edir. Şəhər ətrafında salınan meşə zolaqları, şəhər mühitində güclü küləyin qarşısının alınmasında rol oynayır. Əhalinin istirahət etməsi məqsədilə qoruyucu və meşə zolaqlarının salınması mühüm işlərdən ən əsasıdır. Şəhərlərimizin yaşıllaşmasında mühitə uyğun olaraq bitkilərin əkilməsi, bioloji xüsusiyyətlərinə uyğun olması, əkin işlərinin aparılmasının vacib bir hissəsidir. Mərkəzi Nəbatat Bağının əsas rolu eyni zamanda, bu istiqamətdə bu günkü və gələcək nəsillərimizin təbiətşünaslıq elminə bağlılığını təmin etmək, cəmiyyət və təbiət vəhdədinin yaranmasında mühim rol oynamaqdır. Eyni zamanda elmi-tədqiqat işlərinin aparılmasını genişləndirmək və bu günkü, gələcək nəsillərimizə təbiətin mahiyyətinin insan həyatında vacib rolunu aşılamaqdan ibarətdir. Bu gün dünyada təbiətə qarşı qlobal təhdidlər mövcuddur. Bu təhdidlərin qarşısı alınmazsa ekosistemin pozulmasına səbəb olacaqdır. Bunun üçün də, təbiətə qarşı qəsbkarlıq edənlər bilməlidirlər ki, onlar öz intiharlarını həyata keçirmiş olurlar.
Bildiyimiz kimi, işğaldan azad edilən ərazilərimizdə erməni vandalizmi və terrorçuları tərəfindən tarixi şəhərlərimizə milli-mənəvi dəyərlərimizə malik abidələrimizi məhv etməklə, yanaşı xalqımıza və təbiətə qarşı soyqırımı da həyata keçirmişlər. Müzəffər Ali Baş Komandanımızın apardığı qüdrətli siyasəti nəticəsində dağıdılmış milli-mənəvi dəyərlərimiz, abidələrimiz, təbiətin bərpası və bütövlükdə biomüxtəlifliyin qorunması, yenidənqurma işləri unikal kompleks inkişafı dünya üçün aydın bir nümunədir. MNB-ı olaraq, əsas vəzifəmiz dövlətimizin apardığı siyasətə ürəkdən, yorulmadan xidmət etməkdir.
Nəbatat Bağları şəhərlərdə ekosistemin, bioloji müxtəlifliyin qorunmasında, inkişafında xüsusi rol oynayırlar. Bunu da bilməliyik ki, təbiətə xidmət ən böyük kapitaldır. Təbiətin qorunub saxlanılması sözlə, şüarlarla deyil gerçək əmək sərf etməklədir. Biz bunu aydın şəkildə bilirik ki, o şəhərlər yaşıl şəhərlər adlanır ki, şəhərdə yaşayan adam başına düşən yaşıl ərazi daha çoxdur.Sevindirici haldır ki, bu gün Mərkəzi Nəbatat Bağında təbiətə xidmət sivilizasiyası formalaşmışdır.
Qarşıdan duran əsas prioritetlərimiz.
1. Mərkəzi Nəbatat Bağının əsas dəyişməz prioriteti mövcud bitkilərimizin qorunub saxlanılmasını, bioloji inkişafını təmin etmək və növmüxtəlifliyini zənginləşdirərək 2030-cu ilə sayının 5000 növə çatdırmaqdır.
2.Bizim qarşıda duran əsas istəklərimizdən biri də regionlarımızda Nəbatat Bağlarının yaradılmasıdır.
3. Hər il Mərkəzi Nəbatat Bağının bülliten jurnalını dərc etmək və jurnalda Bağda görülmüş işlərlə bağlı ərazidə artırılmış bitki növlərinin statistikasını və siyahısını yerləşdirmək.
4. Mərkəzi Nəbatat Bağında biomüxtəlifliyin zənginləşdirməsində dünya florasında daha effektli növlərin introduksiyasını ilk növbədə təmin etmək.
5. Mövcud bitkiləri artıraraq təbiətimizdə reintroduksiya prosesslərini həyata keçirmək, təbiətimizin və şəhərlərimizin yaşıllaşdırılmasına xidmət etmək.
6. Bağın Elektron xəritəsini yaratmaq.
7. Bağın yeni bələdçi kitabçasının hazırlanmasını təmin etmək.
8. Şəhərlərimizin yaşılllaşmasında davamlı və dayanıqlı kompleks təkliflər işləyib, hazırlamaq.
9. Hədəfimiz Mərkəzi Nəbatat Bağında daha zəngin növ müxtəlifliyini yaratmaqla dünyada MNB-nı bitki biomüxtəlifliyinin mərkəzinə çevirməkdir.
10.Mərkəzi Nəbatat Bağında mövcud olan və yeni introduksiya ediləcək bitkilərin etiketlərinin üzərində küar kodların yerləşdirilməsi, kataloqların hazırlanması və Mərkəzi Nəbatat Bağının yaşıl kitabının çap edilməsi.
Təklifimiz:
Təklifimiz bundan ibarətdir ki, cəmiyyətlə təbiətin, elmlə təhsilin qarşılıqlı inteqrasiyasının tətbiqə çevrilməsi üçün maarifçilərimiz təbiətşünas elm sahibləri ilə birlikdə tədris proqramının işlənib hazırlanmasına öz töhvəsini versinlər.
Mərkəzi Nəbatat Bağı təbiətşünaslıq elmi üçün bir okeandır və mərkəzdir.Bura daxil olduqda mütləq çalışırsan, çalışdıqca qarşında yeni-yeni üfüqlər açılır.
Heydər Əliyev Fondunun Vitse-Prezidenti, çox hörmətli Leyla xanım Əliyeva ana təbiətin insan həyatında rolu haqqında söylədikləri fikirlər hər bir insan üçün əsasdır:
Təbiət qədər dəyərli heç bir şey yoxdur. Biz hava ilə nəfəs alırıq, biz susuz bir gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, ondan qidalanırıq. Amma təəssüf ki, insan gün ərzində bu haqda çox az düşünür. Hər bir kəs kiçik bir addım atmaqla bu işə böyük töhfə verə bilər. İnanıram ki, birlikdə biz çox gözəl işlər görə bilərik və Allahın möcüzələrini qoruya bilərik deyə qeyd etmişdir.
Məlumat üçün bildirim ki, Bağın Alim və mütəxəssislərindən ibarət Elmi komissiyası fəaliyyət göstərir. Bağda 2021-2024-cü illərdə heç bir bitkimiz hər hansı bir səbəbdən nəyinki qurumamış, zəifləməmiş daimi bioloji inkişafı təmin olunmuşdur. Ən güclü küləklərdə belə bir bitkimiz aşmamış, əyilməmişdir. Bu bizim tətbiqimizə söykənən aydın nəticədir. Eyni zamanda təbiətə xidmətdə yeni yanaşmadır. Biz bu düzgün yolda xidmətimizə davam edəcəyik".
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndəsi Aysel Qəribli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Bağın alimi b.e.d. Həsən Babayev, BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, Çelyabinsk Dövlət Universitetinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının müdiri, dosent Dmitriy Dvinin və s. çıxış edərək Forumun işinə uğurlar arzulayıblar.
Forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikat təqdim olunub.