Mərkəzi Nəbatat Bağının əməkdaşları Respublika qəzetinə müsahibə verib
204Yağışlı bir gündə paytaxtın ən unikal yerlərindən biri sayılan Mərkəzi Nəbatat Bağında olduq. Prezident İlham Əliyevin 2022-ci il 5 may tarixli Sərəncamına əsasən, Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti həyata keçirilir. Artıq tamamlanmaq üzrə olan bağda yaşıl bitkilərin yarpaqları üzərində yağış damlaları sanki rəqs edir, təbiətin ahəngi burda daha çox hiss olunur. Yağışın yaratdığı bu harmoniya içində bağda fədakarlıqla çalışan insanların əməyini dəyərləndirmək üçün ən uyğun zaman hesab etdik. Məhz belə bir gündə "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin sədri vəzifəsini icra edən Natiq Allahverdiyev ilə həmsöhbət olduq.
–Natiq müəllim, Nəbatat Bağının özəlliyini bir də sizin dilinizdən eşitmək istərdik.
–Mərkəzi Nəbatat Bağı 1934-cü ildə Bakı şəhərinin cənub-qərbində salınıb. Həmin gündən etibarən dünyanın digər Nəbatat bağlarında olduğu kimi, canlı bitki kolleksiyalarının toplanması, mühafizəsi, genofondun zənginləşdirilməsi, təhsil, ekoloji maarifləndirmə və bir çox vəzifələri yerinə yetirir. Bu bağın yaradılmasında dəyərli alimlərimizin rolu olub ki, onlar vaxtında gördüyünüz bu bitkilərin ilk fidanlarını əkiblər. Hazırda bağa Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə on minlərlə bitki gətirilir. Təkcə 2022-2024-cü illərdə bağa 200 növdən çox, 100 mindən çox bitki gətirilib. Hazırda bağda abadlıq və quruculuq davam etdirilir. Eyni zamanda birinci xanım Mehriban Əliyevanın da bağa qayğısı, diqqəti, təşəbbüsləri onun gələcəyini daha gözəl edəcək. Hətta bağ özünün inkişaf dövrünü yaşayır desək, yanılmarıq. Nəbatat Bağı 46 hektar əraziyə malikdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrü bütün sahələrdə olduğu kimi, Mərkəzi Nəbatat Bağının da inkişaf, çiçəklənmə dövrü kimi yadda qalıb. Məhz bu dövrdə bağda ağac, kol bitkilərinin introduksiyasının daha da genişləndirilməsi həyata keçirilib. Abşeron, o cümlədən Bakı və digər şəhərlərin yaşıllaşdırılmasında Mərkəzi Nəbatat Bağı böyük rol oynayıb. 2022-2023-cü illərdə bağın biomüxtəlifliyini daha da zənginləşdirmək üçün müxtəlif növlərə aid minlərlə yeni ağaclar əkilib və onların 95 faizi normal inkişaf edib. Bir məqamı da qeyd edim ki, Mərkəzi Nəbatat Bağında bitki kolleksiyasının qorunması, inkişafı və elmi tədqiqatların aparılması məqsədilə 5 laboratoriya və 9 şöbə fəaliyyət göstərir.
–Bağın növ rəngarəngliyi barədə nə deyə bilərsiniz?
–Mərkəzi Nəbatat Bağında mövcud olan bitkilərin növ müxtəlifliyinin statistikası və pasportlaşma işi həyata keçirilib. Bitkilərin inkişafında baş verən nöqsanların aradan qaldırılması üçün şənbə günləri də daxil olmaqla əməkdaşlarımız tərəfindən səmərəli işlər görülür. Nəticə etibarilə bağın ümumi ərazisində yerləşən bitkilərin ümumi sayının 36 941, növlərin sayının isə 1463 olduğu aşkar olunub. İnventarlaşmanın nəticələrinə görə müəyyən olub ki, ümumi bağ üzrə 247 ağac növünə aid olan 17 545 ədəd ağac, 162 adda kol növünə mənsub olan 16 472 ədəd kol bitkisi mövcuddur. Bağın ərazisində ən çox Eldar şamı, həmişəyaşıl sərv, daş palıd, şabalıdyarpaq palıd və başqa ağac növləri, ən az sayda, cəmi 1-2 ədəd olmaqla ağ palıd, qırmızı palıd, Ağrıovunduran quşarmudu, Çin göyrüşü, həmçinin kol bitkilərindən ən çox Adi birgöz, Adi oleander, Yapon gərməşovu, ən az isə meşə gözəli, çoxtikanlı itburnu, daryarpaq marsin və başqa növlər var. Qeyd olunmalıdır ki, Bağın ərazisindəki bütün ağac və kollar bioloji cəhətdən normal böyüyən və inkişaf edən sağlam bitkilərdir. Bağda azlıq təşkil edən və itmək təhlükəsi ilə üzləşən növlərin siyahısı yenidən dəqiqləşdirilmiş, onların qorunması və çoxaldılmasına diqqət daha da artırılmışdır. Mərkəzi Nəbatat Bağında sarmaşan və dırmaşan bitkilərdən ibarət kolleksiya sahələri də inventarlaşmış və həmin ərazilərdə geniş aqrotexniki tədbirlər davam edir. Bağın əməkdaşları mütəmadi olaraq oduncaqlı bitkilər və bitki ekologiyası laboratoriyalarının əməkdaşları ilə birlikdə kolleksiya və təcrübə sahələrində bitkilərə lazımi aqrotexniki xidmət göstərir, üzvi və mineral gübrələr verilməsində, alaq otlarından təmizlənməsində və suvarılmasında fəal iştirak edirlər. Həmin ərazilərdə bağ üçün yeni olan 42 adda bitki növləri becərilib ki, onlar da gələcəkdə bağda biomüxtəlifliyin zənginləşməsində istifadə olunacaqdır. Mərkəzi Nəbatat Bağı hazırda unikal inkişaf mərhələsindədir. Biz əlavə 200 ədəd bitki növu artırmışıq ki, 2030-cu ildə bu rəqəmin 5 minə qaldırılması nəzərdə tutulub. Eyni zamanda biz gələcəkdə elektron xəritə yaratmağı nəzərdə tuturuq.
–Bağda bitkilərin inkişafını təmin etmək üçün hansı kompleks işlər görülür?
–Mərkəzi Nəbatat Bağında bitkilərin inkişafını təmin etmək məqsədilə daxili elmi komissiya yaradılıb ki, həmin komissiya mütəmadi olaraq bağın ərazisində xəstəliklərin və ziyanvericilərin müəyyən olunması üçün monitorinqlər keçirir. Əgər xəstəlik müşahidə olunarsa, dərhal ona qarşı mübarizə tədbirləri görülür. Onu da qeyd edim ki, il ərzində bağda abadlıq və aqrotexniki xidmətlərin aparılmasında laboratoriyaların əməkdaşları da yaxından iştirak edirlər. Əməkdaşlarımız bir sıra yerli və beynəlxalq konfranslara qatılıblar, elmi işlərinin nəticələrini beynəlxalq jurnallarda çap etdiriblər. Mərkəzi Nəbatat Bağının laboratoriyalarının elmi əməkdaşlarından bir qrupu respublikamızın ayrı-ayrı rayonlarında ekspedisiyalarda olmuş və gətirdikləri yeni növlər üzərində öz işlərini davam etdirirlər.
–Bağda diqqətəlayiq hansı tədqiqat işləri aparılıb?
–Bakı Şəhər İcra Hakimiyyəti başçısının dəstəyi ilə b.e.d. Həsən Babayevin rəhbərliyi altında xəstəliyə düçar olmuş şam ağaclarının peyvəndlənməsi əməliyyatı aparılıb. Tədqiqat üçün götürülən 12 xəstə ağacdan yalnız 1 ədədi məhv olmuş, qalan 11 ağac tam sağalaraq həyata qayıdıb. Biz indi Mərkəzi Nəbatat Bağında bazamızı gücləndirməklə xəstə ağacların peyvəndlənməsi prosesinin genişləndirilməsi üzərində işləyirik. Mərkəzi Nəbatat Bağında uzun illərdir Rosa L. cinsinin müxtəlif bağ qruplarında təmsil olunan qızılgül sortlarının kolleksiyasını toplayaraq elmi əsaslarla öyrənilməsi, onların introduksiyası, seleksiyası və genofondunun yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir. Bağın kolleksiyasında qızılgülün introduksiya olunmuş 324 sortu, seleksiya və hibridləşdirmə üsulu ilə alınmış 800-dən artıq hibrid formaları var. Onlardan uğurlu alınmış 31-nin hibridin yeni genotip forma (sort) olduğu müəyyən edilib. Elm üçün yeni olan sortlarımızdan 10-na ("Abşeron simfoniyası", "Leyla", "Sarı gəlin", "Akademik Həsən Əliyev", "Professor Lütfü Zadə", "Əsrin müqaviləsi", "Qara gilə", "Nazpəri", "Nigar") Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən patent və müəlliflik şəhadətnamələri verilib. Müəllifi olduğumuz və Aqrar Xidmətlər Agentliyinə təqdim etdiyimiz daha 5 sortumuz ("Aysel", "Abşeron şıltaqlığı", "Köhnə Bakı", "İpək yolu", "Ulduzlu Xəzər") sınaqdan keçirilib.
–Bağın "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfəsi barədə nə deyə bilərsiniz?
–Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət ekoloji cəhətdən sağlam mühitin yetişməsinə təkan verir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə şəhərlərin yaşıllaşdırılması və təbiətin mühafizəsi istiqamətində mühüm addımlar atılır. Qarşıdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gəlir. Nəbatat Bağı da Azərbaycanın təbiətə olan bağlılığının bir göstəricisidir. Ölkəmizdə bu istiqamətdə aparılan işlər o qədər böyükdür ki, hər kəs görə bilər. Xüsusi vurğulamaq lazımdır ki, bu gün dünyada qlobal iqlim böhranı hökm sürür. Bu böhrana baxmayaraq, Azərbaycan qlobal iqlim dəyişmələrinə öz töhfəsini verir. Biomüxtəlifliyin qorunmasına dövlət tərəfindən ayrılan yüksək məbləğdə vəsait bunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan liderinin apardığı uğurlu siyasət təbiətin mühafizəsində öncüldür. Bununla bağlı dövlət başçısı biomüxtəlifliyin qorunması ilə bağlı sərəncamlar imzalayıb. Həmin sənədlər nəinki region, hətta dünyada təbiətin qorunması, cəmiyyət və təbiət vəhdətinin yaranması üçün yol xəritəsidir. Cəmiyyətin təbiət istiqamətində maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edir ki, biz bunu dərindən öyrənməliyik. Bu baxımdan, təbiətin mühafizəsi məsələsini gələcək nəsillərə aşılamaq mənəvi borcumuzdur. Ziyalılarımız, bioloqlarımız, maarifçilərimiz ölkə başçımızın bu istiqamətdə imzaladığı sənədlərə müvafiq addımlar atırlar. Bu gün bağ canlı təbiət muzeyi və elmi-tədqiqat mərkəzi olmaqla maarifləndirmə işi də həyata keçirir. Təbiətə xidmətdə yeni bir sivilizasiya formalaşıb.
–İqlim dəyişmələrinin bağın fəaliyyətinə və bitkilərin saxlanmasına hansı təsirləri var?
–Hazırda dünyada qlobal istiləşmə pik həddə çatıb. Bu səbəbdən xüsusi qayğıya ehtiyacı olan bitki növlərinin sayı da artıb. Məhz sözügedən bitkilərin mühafizəsi və qayğı göstərilməsi üçün istixanalara ehtiyac var. Məlumdur ki, görülən işlərdən əvvəl burada artıq istismar müddəti bitmiş istixanalar mövcud idi. Uyğun yerlərdə yeni istixanalarımız ərsəyə gətirilib və tam gücü ilə işləyir. Bununla yanaşı, 8 yeni istixana da tikilib. Həmin istixanalarda subtropik və tropik bitkilər, eyni zamanda şaxtaya davamlı və davamsız bitki növləri mövcuddur. Hələlik bütün texniki işlər yekunlaşmayıb. Lakin lazımi mühit tam formalaşıb. Bitki bəşəriyyətin ən məsum canlısıdır. Limon bitkiləri bizim qayğımızla isindi, sevgimizlə soyuq qışı geridə qoydu. Təbiət bizim dilimizi anlayır. Hər şey məhz torpaqdan başlayır və burada bitir. Təbiətlə ünsiyyət qurmaq, onunla əlaqədə olmaq böyük nemətdir.
–Bağda bitki növlərinin introduksiyası ilə bağlı hansı innovativ tədqiqatlar aparılır? Bu istiqamətdə digər bağlarla əməkdaşlıq edirsiniz?
–Nəbatat Bağına onun üçün "təbiətin vətəni" deyirik ki, özünəxas mühiti var. Elə bir bitki yoxdur, o, Nəbatat Bağında bitməsin və ya onu inkişaf etdirə bilməyək. Məsələn, "Arizon sərvi" ağacı introduksiya bitkisi kimi heç öz vətənində belə bu cür şux görünmür. Məhz onun üçün Nəbatat Bağı vətəndir. Qeyd edim ki, Nəbatat Bağı bu gün digər ölkələrin botanika institutları və bağları ilə sıx əlaqədədir. Eyni zamanda da regional əməkdaşlığımız mövcuddur. Bizim hədəfimiz 5 min biomüxtəlifliyi daha da artırmaqdır. Bunun üçün Gəncə Nəbatət Bağı, eyni ilə Naxçıvan Nəbatat Bağı ilə əlaqələrimiz mövcuddur. Xüsusilə Akademik Həsən Əliyevin adına Naxçıvanda yeni bir bağ salındı. Onun da gələcək perspektivləri bizim üçün önəmlidir. Geniş şəbəkənin yaranması əsas hədəfimizdir. Bununla yanaşı, xoş olardı ki, Qarabağ Nəbatat Bağı da yaradılsın və bu sistemə qoşulsun. Ümumiyyətlə, Azərbaycan biomüxtəlifliyin, ekoloji tarazlığın vətəninə çevrilsin deyə əlimizdən gələni etməliyik. Bu prosesdə hər bir fərd canla, başla çalışmalıdır. Bunun üçün soydaşlarımız təbiəti bilməli və sevməli, hər bir şəxs bir bitki yetişdirməlidir.
–Bir az da bağda yaradılan yeni imkanlar barədə məlumat almaq istərdik. Qarşıda hansı hədəfləriniz var?
–Möhtərəm Prezidentimizin müvafiq Sərəncamına əsasən, cəmiyyətimizin bütün təbəqəsinin istirahəti üçün Nəbatət Bağında geniş imkanlar yaradılır. Hazırda bağda tamamlanma işləri gedir. Xüsusilə uşaqların daha səmərəli vaxt keçirməsi üçün əsaslı işlər görülür. Məhz gənc nəslin biomüxtəlifliyə, təbiətə bağlılığının yaranması məqsədilə onlara düzgün və yüksək qaydada xidmət göstərəcəyik. Ən azından burada asudə vaxtını keçirən hər bir gənc və ya azyaşlı bir bitkinin adını öyrənmiş olacaq. Məhz onlara Nəbatat Bağında xüsusi qayğı göstəriləcək. Bu marağı yaratmaq əsas qayəmizdir. Qeyd edim ki, Nəbatat Bağının hədəfləri arasında davamlı və dayanıqlı yaşıllaşmaya töhfə vermək də var.
Bağı gəzirik, hər bir iş səliqə ilə görülür. Yağışın təsiri ilə ortaya çıxan torpaq qoxusu küləklə birlikdə ətrafa yayılır, təbiətin susqunluğuna ahəng qatırdı. Elə bu vaxt Natiq müəllim bizi illərdir çiyin-çiyinə çalışdığı Həsən Babayevlə tanış etdi.
Sonra Mərkəzi Nəbatat Bağının qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayevlə görüşürük və o, suallarımızı cavablandırır.
–Həsən müəllim, maraqlıdır, elə bir növ varmı ki, ancaq Mərkəzi Nəbatat Bağına məxsus olsun?
–Nəzərə almaq lazımdır ki, Nəbatat Bağı salınmamışdan öncə yerləşdiyi ərazidə çoxlu fermalar mövcud idi. Tədricən respublikamızın və digər ölkələrin təbiət inciləri buraya gətirildi. İntroduksiya edilmiş bitkilərin əksəriyyəti müstəqillik dövrümüzə təsadüf edir. Ümumiyyətlə, Şimali, Cənubi Amerikadan, Körfəz ölkələrindən də bitkilər gətirilib. Eldar şamı bizim Nəbatat Bağına xasdır. Gəncə yaxınlığında Eldar çökəkliyində yetişən bu ağac ən önəmli növlərimizdən biridir. Eldar şamı Azərbaycan ekosistemi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də unikal bioloji və ekoloji xüsusiyyətləri ilə fərqlənir. Eldar şamının əsas xüsusiyyətlərindən biri onun yüksək dərəcədə quraqlığadavamlı olmasıdır. Tipik iqlim şəraiti sərt, yağışsız və isti olan bölgələrdə yaşaya bilən bu ağac növü suya olan minimal tələbatı ilə fərqlənir. Bu cəhət onun Azərbaycanın şimal-qərb və cənub-qərb bölgələrində geniş yayılmasına və ekoloji tarazlığı təmin etməsinə kömək edir. Sərt təbii şəraitdə möhkəmlənən Eldar şamı digər bitkilərin və ağac növlərinin yaşaya bilmədiyi şəraitlərdə həyatda qalaraq həmin ərazilərin yaşıl örtüyünü qorumağa xidmət edir. Eldar şamı həm də müxtəlif ekoloji funksiyaları ilə əhəmiyyətlidir. O, ərazinin eroziyadan qorunmasında mühüm rol oynayır, torpağın üst qatını bərkidir və ətraf mühiti qorumağa kömək edir. Bundan başqa, bu ağac növü yerli faunaya da uyğunlaşmışdır, quşlar və digər vəhşi heyvanlar üçün sığınacaq və qida mənbəyi kimi çıxış edir.
–Adı "Qırmızı Kitab"a daxil olan bitkilərin qorunması istiqamətində hansı tədqiqat işləri aparılır?
–Mərkəzi Nəbatat Bağı Azərbaycanda nadir və məhvolma təhlükəsi ilə üz-üzə qalan bitkilərin qorunması və yenidən həyata qaytarılması istiqamətində strateji və elmi fəaliyyət həyata keçirir. Xüsusilə adı "Qırmızı Kitab"a daxil olan bitkilərin qorunması, bərpası və genişləndirilməsi burada aparılan işlərin əsas prioritetlərindən biridir. Bu bitki növlərinin genetik materialı xüsusi nəzarət altında saxlanılır. Onlar üçün ayrılmış xüsusi sahələrdə elmi araşdırmalar aparılır və onların genetik müxtəlifliyi qorunur. Bağın mütəxəssisləri bitkilərin kövrək ekosistemlərdə mövcudluğunu qorumaq üçün onların biomüxtəlifliyini diqqətlə izləyir və ən əlverişli şərait yaratmaq üçün müxtəlif eksperimental metodlar sınaqdan keçirilir.
Bağdan ayrılırıq. Yağış isə ara vermir. Sanki göylər təbiətin melodiyasını bəstələyir, torpaq isə bu səsləri diqqətlə dinləyirdi. Bu mənzərə təbiətin nə qədər ecazkar və həm də kövrək olduğunu bir daha xatırlatdı. Ümumiyyətlə, bu bağ yaşıl oazis, həm də Azərbaycanın ekoloji və bioloji irsini gələcəyə daşıyan bir məbədgahdır. Burada hər ağac, hər bitki sadəcə təbiət əsəri kimi deyil, həm də xalqımızın təbiətə olan sevgisinin, hörmətinin və onunla bağlı məsuliyyətinin simvoludur. Nadir bitkilərin yenidən həyata qayıtması üçün görülən böyük işlər, elmi araşdırmalar və bərpa proqramlar, bu bağın əhəmiyyətini daha da artırır. Burada zaman sanki təbiətin sakit ritmi ilə tənəffüs edir. Yağış tədricən səngiyir, günəşin şüaları buludların arxasından görünür. Bağın yolları boyunca yağışla yuyulmuş yaşıllıqlar ulduz təki parıldayır. Mərkəzi Nəbatat Bağı yaşıl bir cənnətdir. Bu bağ Azərbaycan torpağının nə qədər zəngin, təbiətimizin isə həm həssas, həm də güclü olduğunu bir daha göstərir. Çox yaxında açılışı keçiriləcək bağ tezliklə insanlara qucaq açacaq, Mərkəzi Nəbatat Bağı özünəməxsusluğu ilə insanların qəlbini oxşayacaq.