Mərkəzi Nəbatat Bağında sahə seminarı keçirilib
124Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkilərinin biokimyası” laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, "Dekorativ bitkilərin introduksiyası və seleksiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, Bioloji kolleksiyalar şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova və Bağın elmi əməkdaşlarının iştirakı ilə sahə seminarı keçirilmişdir. Sahə seminarının əsasını Bağın ərazisində mövcud olan bitkilərin təcrübə sahələrinə adaptasiyası, inkişaf dinamikası və mövcud vəziyyətinin qiymətləndirilməsi təşkil edir.
Tədbir zamanı b.e.d. Həsən Babayev digər elmi əməkdaşlara bitkilərin inkişafı, yeni bitki növlərinin əkilməsi ilə kolleksiyanın zənginləşdirilməsi, bitkilərə aqrotexniki qulluğun səmərəli təşkil olunması, təcrübə sahəsində kolleksiya fondunun tərtibatı və yaxşılaşdırılması haqqında məlumat verib.
Sahə seminarı zamanı b.ü.f.d., dos. Ofeliya Qafarova qeyd edib ki, qızılgüllərin fasiləsiz çiçəkləməsi, rəng çeşidlərinin və çalarlarının rəngarəngliyi, gülünün bənzərsiz ətri və s. xüsusiyyətləri ilə digər dekorativ bitkilərdən fərqlənir, yaşıllaşdırmada, landşaft memarlığı sahəsində, həmçinin bəzək bağçılığında geniş istifadə olunur. Qızılgül kolleksiyasında dekorativ göstəriciləri yüksək olan yeni sortlara yüksək səviyyədə aqrotexniki qulluq göstərilərək Abşeron iqlim şəraitinə uyğunlaşdırılır.
Bioloji kolleksiyalar şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədovanın sözlərinə görə, mövsüm ilə əlaqədar bəzi bitki növlərində xəstəlik müşahidə olunur. Bu məqsədlə bitkilər ayda ən azı bir dəfə azot gübrəsi verilməli və bitki zərərvericilərinə qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirilməlidir.
Tədbirin sonunda Bağın elmi əməkdaşları bitkilərin dinamik inkişafı məqsədilə bitkilərə azot gübrəsi veriblər.