28 Jun
Mərkəzi Nəbatat Bağının alimləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji tarazlığın qorunması və bərpası” mövzusuna həsr edilmiş dəyirmi masada iştirak edib
216

27 iyun 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzinin Eko-parkında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji tarazlığın qorunması və bərpası” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib. Dəyirmi masada “Qida və dərman bitkilərinin biokimyası” laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, “Bitki ekologiyası” laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, “Dekorativ bitkilərin introduksiyası və seleksiyası” laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, “Tropik və subtropik bitkilər” laboratoriyasının müdiri b.ü.f.d., dos. Aynur Ərəbzadə və Bağı alimi b.ü.f.d. Niyazi Quliyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov son illər ölkədə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərdən danışıb. 

Azərbaycanın qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini vurğulayan Xəzər rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Onun sözlərinə görə, müəyyən edilmiş həmin prioritetə uyğun olaraq, ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür.

Tədbirdə çıxış edən İradə Hüseynova, Elşad Qurbanov, Cəbrayıl Ağayev, Həsən Babayev, Namiq Məmmədov, Səyyarə İbadullayeva qlobal istiləşmənin ciddi fəsadlar verdiyini bildirib, ətraf mühitin sağlamlaşdırılması, yaşıl enerjiyə keçid istiqamətində atılan addımların zəruriliyindən bəhs ediblər.