Mərkəzi Nəbatat Bağının alimləri təcrübə sahələrinə fenoloji baxış keçirib
417Mərkəzi Nəbatat Bağının İdarə heyətinin sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyev, "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, "Dekorativ bitkilərin introduksiyası və seleksiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, "Bitki ekologiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, "Bioloji kolleksiyalar" şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova və Bağın digər elmi əməkdaşlarının iştirakı ilə təcrübə sahələrinə baxış keçirilib. Fenoloji müşahidələr zamanı bitkilərin təcrübə sahələrinə adaptasiyası, inkişaf dinamikası və mövcud vəziyyətinin qiymətləndirilməsi barədə müzakirələr aparılıb.
Natiq Allahverdiyev bildirib ki, Bağın ərazisində bitki kolleksiyalarının zənginləşdirilməsi və landşaft dizaynının yaxşılaşdırılması məqsədilə yeni bitki növləri əkilir, müasir dizaynlı guşələrin yaradılması üzrə işlər sürətlə davam edir, yaşıllıq ərazilərində torpağın münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində müntəzəm aqrotexniki qulluq tədbirləri həyata keçirilir.
Həsən Babayev cari mövsümlə əlaqədar olaraq bitkilərdə yarana biləcək problemlər-bitkilərdə yayılan xəstəliklər, bitkilərin inkişafı, yeni bitki növlərinin əkilməsi ilə kolleksiyaların zənginləşdirilməsi, bitkilərə aqrotexniki qulluğun səmərəli təşkil olunması, təcrübə sahəsində kolleksiya fondunun tərtibatı və yaxşılaşdırılması haqqında məlumat verib.