23 Apr
Mərkəzi Nəbatat Bağının alimləri "Yaşıl dünya naminə həmrəylik ili-COP29” mövzusuna həsr edilmiş dəyirmi masada iştirak edib
227

22 aprel 2024-cü il tarixində Xəzər rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya Bağı publik hüquqi şəxsin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili-COP29” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Mərkəzi Nəbatat Bağının "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, "Dekorativ bitkilərin introduksiyası və seleksiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova və "Trofik və subtropik bitkilər" laboratoriyasının müdiri b.ü.f.d., dos. Aynur Ərəbzadə iştirak edib. 

Öncə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə b.e.d. Həsən Babayev çıxış edərək ona söz verildiyinə görə öz minnətdarlığını bildirib və konfrans iştirakçılarını salamlayıb. Alim qeyd edib ki, çıxışıma keçməzdən qabaq Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm cənab İlham Əliyevə çox qısa bir dövr ərzində (cəmi 10 gün) Rusiya sülhməramlılarını Azərbaycan torpaqlarından çıxardığına və Ermənistan Respublikasının Qazax rayonu ilə sərhəd ərazilərdə 4 ədəd anklav kəndlərimizin qeyri-şərtsiz Azərbaycana qaytarılması ilə əlaqədar əldə olunan rəsmi razılıq protokolunun imzalanması münasibəti ilə təşəkkür etmək istəyirəm. Xahiş edirəm bununla əlaqədar konfrans iştirakçılarının adından cənab Prezidentimizə təşəkkür məktubu ünvanlayaq.

Qeyd edim ki, ʺYaşıl dünya naminə həmrəylik ili -COP 29ʺ dünya miqyaslı çox böyük və ağır bir tədbirdir. Birincisi bir çox ölkələr onu keçirə bilmək iqtidarında deyil. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın dünyada baş verən proseslərə qarşı tutduğu mövqeyindən, Azərbaycanda olan təhlükəsizliyin və demokratiyanın səviyyəsindən, Azərbaycanın iqtisadi qüdrətindən asılıdır. Bununla bərabər bütün beynəlxalq təşkilatların işində Azərbaycanın oynadığı təşəbbüskar rolu, qəbul olunan qərarlara hörmət və bu qərarların qısa müddət ərzində Respublikamızın Milli Məclisində ratifikasiya olunaraq həyata keçirilməsindən də asılı olmuşdur. Bir cümlə ilə desək, bəzi dövlətlərin pis xislətini çıxmaqla, Azərbaycan bizə dost və yaxın ölkələrin etibarlı tərəfdaşı olduğuna görə belə bir mötəbər və möhtəşəm tədbirin keçirilməsi üçün bizim Vətənimiz seçilmişdir.

Hazırkı dövrdə qlobal iqlim dəyişikliyi, qlobal istiləşmə və digər ekoloji amillərin pozulması pik həddə yaxınlaşır. Bu cür pozulmalar nəticəsində minlərlə hektar ərazilərin səhralaşması, torpaqların şoranlaşması nəticəsində istər fauna, istərsə də flora biomüxtəlifliyinin azalması, məhv olması prosesləri gedir. Əkindən kənarda qalmış ərazilərin 30-40 il bundan əvvələ qədər mövcud olan fauna və florası tamamilə yox olmuş, insanlar məcburi olaraq miqrasiya edərək münbit ərazilər axtarışına çıxmışlar. Həmin əraziləri öz əvvəlki vəziyyətinə qaytarmaq üçün texniki və aqrotexniki üsulların tətbiqi ilə yanaşı olaraq elmi əsaslarla işlənmiş seleksiya tədqiqatları nəticəsində şoran və quraq ərazilərdə inkişaf edə bilən və yüksək keyfiyyətli məhsul vermək qabiliyyətinə malik olan yeni-yeni bitki sortlarının yaradılaraq əkilməsi əsas və köklü işlərdən hesab olunmalıdır.

Problemi həll etmək üçün əvvəlcə onu törədən səbəbləri ortaya çıxarmaq lazımdır. Hələ tələbəlik illərində elmi kommunizm müəllimimiz, prof. Nadir Şıxlı deyərdi ki, elmi texniki tərəqqi nə qədər çox və sürətli inkişaf etməsi insanın özünü bir o qədər tez ölümə yaxınlaşdırır. İndi baxıram ki, bu sözlərdə həqiqət vardır. Bildiyiniz kimi kütləvi qırğın silahlarının istehsalı və tətbiqi, iri sənaye obyektlərinin yaradılması, neft və qaz sənayesinin inkişafı və s. nəticəsində təbiət, onun komponentləri olan hava, torpaq, su çirklənmişdir ki, bu çirklənmələr də birbaşa və dolayı yolla insan və digər canlı orqanizmlərə daxil olaraq onların inkişafını zəiflədir və sonda məhv olmasına səbəb olur. İndiki dövrdə şirin su ümümdünya su ehtiyatının cəmi 0,01 %-ni təşkil edir.

Eyni zamanda iri sənaye obyektlərindən havaya buraxılan zəhərli bvə zərərli qazlar ciddi pozuntular əmələ gətirir. Karbon qazının miqdarının atmosferdə artması parnik effekti yaratmaqla qlobal istiləşməyə səbəb olur. Ozon təbəqəsinin pozulması baş verir və Yer üzərinə düşən işığın spektr tərkibində dəyişkənliklər baş verir, ultrabənövşəyi şüaların dozası artır.

Bütün bu işlərlə bağlı bütün problemləri BMT və onun tərkibində olan 50-dək kiçik təşkilatlar həll edirlər, statistik təhlilini aparırlar. Bu təşkilatlara UNEP, İUCN və başqalarını misal göstərilə bilər. Unep-in təqdimatına əsasən 1970-ci ildən bu yanadək onurğalı heyvanların populyasiyalarının 30 %-i azalmışdır. Son 100 il ərzində biomüxtəlifliyin məhv olma sürəti maksimal göstəricidən 40 dəfə çox olmuşdur.

Biomüxtəlifliyə dəyən bu zərbələrin qarşısını almaq üçün BMT ekspertlərinin verdikləri və dünya dövlətlərinin onlara verdikləri adekvat cavablar nəticəsində biomüxtəlifliyin qorunması ilə əlaqədar olaraq 1972-ci ildə Stokholm konfransı keçirilmişdir. 1992-ci ildə isə yenə BMT-nin təşkilatçılığı altında Braziliyanın Rio-de-Janeyro şəhərində beynəlxalq konfrans keçirildi və bu konfransda 3 məsələ müzakirə olundu. 1.Biomüxtəlifliyin qorunması, 2. Meşələrin qorunması, 3. İqlim dəyişkənliyi.

Dünyanı ekoloji katastrofun təsirlərindən qorumaq lazımdır. Ekoloji çirklənmələr sərhəd tanımadan çox qısa müddət ərzində bütün dünyanı öz ağuşuna ala bilir.