21 Jul
Azərbaycan qəzeti Mərkəzi Nəbatat Bağı haqqında reportaj hazırlayıb
181

Mərkəzi Nəbatat bağının 100-ə yaxın yaşı var. Bağ 1934-cü ildə Bakının dağlıq hissəsində - "Qurd qapısı" deyilən ərazinin yaxınlığında salınıb. Yeri gəlmişkən, qeyd edək ki, ikinci belə bir Botanika bağı Mərdəkanda yerləşir. 
Nəbatat bağında yerli və başqa ölkələrdən gətirilən bitkilər becərilir və onların yerli mühitə necə alışması diqqətlə öyrənilir. Bu bağın əsas vəzifəsi də elə bitki ehtiyatlarını öyrənib zənginləşdirmək, onların təsərrüfat üçün qiymətli növlərini seçib müəyyənləşdirmək və inkişaf etdirməkdir. Onu da bildirək ki, bu bağ Azərbaycan Prezidentinin diqqət mərkəzində yerləşən vacib sahələrdən biridir. Mərkəzi Nəbatat bağında aparılan yenidənqurma işləri dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir. İyulun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Nəbatat bağında aparılan işlərlə tanış olmaları dediklərimizi bir daha təsdiq edir. 
Prezidentə məlumat verilmişdir ki, aparılan yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat bağının ərazisi genişləndirilərək 44,8 hektara çatdırılmışdır. Bağın ərazisində yerləşmiş avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülmüşdür. Hazırda yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri aparılır. Bu zaman bağ memarlığının unikal elementlərindən istifadə edilir, müxtəlif növ yeni ağaclar əkilir. Bundan başqa, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur. 
Onu da xatırladaq ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədi ilə yaradılan bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Nəbatat bağında 2500-dən çox ağac, kol, ot bitkiləri var. Bağda 130-a yaxın nadir bitki növü qorunur. 
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili üçün yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar əsaslı şəkildə yenidən qurulur. Bütün bunların sayəsində paytaxt tədricən yaşıl şəhərə çevrilir. 
O da sirr deyil ki, müasir dünyanın ekoloji durumu getdikcə ağırlaşır və bütünlükdə bəşəriyyət çox çətin sınaqlarla, böyük sıxıntılarla üzləşir. Baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlər bəzən də insanları bədbinliyə qapadır. Məhz bu baxımdan dünyada yaradılan nəbatat bağlarının xüsusi əhəmiyyəti var. Onlar cəmiyyəti daha böyük həmrəyliklə yaranan ekoloji problemlərin qarşısının alınmasına cəlb edir. 
Faktiki olaraq dünyada nəbatat bağları uzun müddətdir yaradılır və inkişaf etdirilir. Məsələn, Nyu Yorkdakı 21 hektarlıq bağın əsası 1910-cu ildə qoyulub və hər il təxminən bir milyon insan buranı ziyarət edir. Bir sıra xüsusi bağların, bitki kolleksiyalarının, Steinhardt Konservatoriyasının, incəsənət qalereyasının daxil olduğu bağın digər bağlardan fərqi burada 12 min növ bitkinin, bonsai muzeyinin, istixana, albalı çiçəyi esplanadasının, yapon və qaya bağlarının olmasıdır.
Rio-de-Janeyronın 140 hektarlıq Nəbatat bağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. 6500 bitki növünün becərildiyi və bir çox əhəmiyyətli abidələrin yerləşdiyi bağ sanki bir oksigen dənizidir. 
Turistlər arasında olduqca məşhur olan Nong Nooch Tropik Nəbatat bağı Tailandın Çonburi əyalətində (Pattaya yaxınlığında) yerləşir. Sahəsi 2,4 kvadratkilometrdir. Kəpənək təpəsi, Orxideya bağı, fil ferması, fransız parkı, bonsai bağı bu heyrətamiz bağdakı maraqlı yerlərin tam siyahısı deyil.
Fransanın Claude Monet bağı isə vaxtilə məşhur rəssam Oskar Klod Monenin şəxsi malikanəsi olub. Bağın yaradılmasında rəssam öz təxəyyülünün imkanlarından məharətlə istifadə edib. Əgər Fransaya yolunuz düşsə, apreldən oktyabr ayınadək bu yerin gözəlliyindən zövq ala bilərsiniz. 
Bunlar çoxsaylı nəbatat bağlarından yalnız bir neçəsidir. Onların sırasında Azərbaycanın Mərkəzi Nəbatat bağının da olması qürurvericidir. Gəlin bu bağda gəzintiyə çıxın və qarşınıza çıxan lövhələrdə sizi özünə aludə edən bitkilər haqqında məlumat alın. Bu lövhəciklərdə görəcəksiniz ki, bağda ölkə florasından olan bitkilərlə bərabər, dünyanın müxtəlif yerlərindən - Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsindən və digər yaxın, uzaq yerlərdən gətirilmiş qiymətli ağac, kol, çiçək və bitkilər becərilir. Soğangülü, payızgülü, qarğasoğanı, dağlaləsi, nərgiz, sünbülçiçək, süsən və 400-ə qədər qızılgül növünün kolleksiyası və sairənin "məskən" saldığı bizim Nəbatat bağı dünyanın istənilən analoji yaşıl məkanı ilə yarışa bilər

.https://azerbaijan-news.az/az/posts/detail/merkezi-nebatat-bagi-bitkilerin-gorus-yeri-1689892168