25 May
Özbəkistanlı alimlər Mərkəzi Nəbatat Bağının qonağı olublar
186

Bildiyimiz kimi, Mayın 23-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi, millət vəkilləri, səfirlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Qırmızı Kitabın təqdimat mərasimində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Elmlər Akademiyası, Özbəkistan Botanika Cəmiyyətinin alimləri, həmçinin AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağına baş çəkiblər.  Müəssisənin direktoru b.e.d., prof.  Səyyarə İbadullayevanın rəhbərliyi altında həyata keçirilən elmi-tədqiqat işləri,  herbari fondu, elmi laboratoriyaları ilə yaxından tanış olublar. Alimlər AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutu, Özbəkistan Elmlər Akademiyası və Özbəkistan Botanika Cəmiyyəti arasında anlaşma memorandumu imzalanmasını məqsədəuyğun hesab ediblər.

Özbəkistanlı qonaqlar həmçinin Mərkəzi Nəbatat Bağına baş çəkiblər.  Bitki ekologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva və Bitki kolleksiyaları şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova Bağın mütəxəssisi İlqar Quliyev Mərkəzi Nəbatat Bağının elmi-tədqiqat istiqamətləri, Bağın qida və dərman bitkiləri kolleksiyaları haqqında məlumat veriblər.

Özbəkistan Botanika Cəmiyyətinin alimləri iki ölkə arasında birgə tədqiqatlar aparmaq, müştərək layihə və ekspedisiyalar həyata keçirmək, həmçinin bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar. Müəssisənin elmi fəaliyyəti ilə yaxınan tanış olan özbəkistanlı alimlər gələcəkdə azərbaycanlı həmkarları ilə qarşılıqlı elmi əməkdaşlıq əlaqələrinin qurulmasından  böyük məmnuniyyət duyacaqlarını ifadə ediblər.