23 May
Mərkəzi Nəbatat Bağının alimi beynəlxalq sərgidə iştirak etmişdir
89

Mərkəzi Nəbatat Bağının alimi Tropik və subtropik bitkilər laboratoriyasının müdiri b.ü.f.d. dosent Aynur Ərəbzadə Bakı Ekspo Mərkəzində 17-19 may 2023 cü il tarixlərində keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak etmişdir. Sərginin keçirilməsində məqsəd kənd təsərrüfatı və qida sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsi, yeni işgüzar əlaqələrin qurulması və genişləndirilməsi olmuşdur. Dövlət tərəfindən həyata keçirilən belə sərgilər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasında mühüm rol oynayır. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer almışdır. Qeyd edək ki, "Caspian Agro" sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər, elmi işçilər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplamışdır. Ziyarətçilər sərgidə müxtəlif Elmi-tədqiqat institutlarının təqdim etdiyi ən son nailiyyətlər: yeni sortlar, bitkilərin yetişdirilməsi sahəsində yeni üsullar, yeni gübrələr, bitkilərin mühafizəsi sahəsində təqdim olunmuş yeni dərman vasitələri və s. yeniliklərlə tanış olmuşlar ki, bu da onların gələcək tədqiqatlarında uğurla istifadə oluna bilər.