26 Feb
Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
168

Mərkəzi Nəbatat Bağında  Xocalı soyqırımının  32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Mərkəzi Nəbatat Bağının İdarə heyətinin sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icra edən Natiq Allahverdiyev Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı haqqında məlumat verib. O,ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının və erməni məkrli siyasətinin qanlı cinayətlərinin yaddaşımızdan heç vaxt silinməyəcəyini, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayət olduğunu bildirib.  Qeyd olunub ki,  27 sentyabr 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordumuzun parlaq  Zəfəri ilə başa çatıb və ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaldıb. Bu gün artıq soyqırım qurbanlarının ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.
Daha sonra, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehralıyev çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq, törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissə olduğunu vurğulayıb.

Tədbirdə Bioloji kolleksiyalar şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova və digərləri çıxış edərək Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd ediblər.