31 Jan
Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva Mərkəzi Nəbatat Bağının ərazisində aparılan işlərlə tanış olub
180

Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağının ərazisində yaşıllıqların qorunması istiqamətində aparılan işlərlə tanış olub. 
Mərkəzi Nəbatat Bağının İdarə heyətinin sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyev S.İbadullayevaya Bağın ərazisində bitki kolleksiyalarının zənginləşdirilməsi və landşaft dizaynını yaxşılaşdırılması məqsədilə həyata keçirilən işlər barəsində məlumat verib. Bildirib ki, hazırda Bağın ərazisində yeni layihəyə əsasən müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması üzrə işlər sürətlə həyata keçirilir. O, Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə təcrübə sahələrində yeni maqnoliya, kalina, fatuniya və s bitki növlərinin əkininə başlanıldığını, Nəbatat Bağının yaşıllıq ərazilərində torpağın münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində müntəzəm aqrotexniki qulluq tədbirlərinin həyata keçirildiyini vurğulayıb.
S.İbadullayeva Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının istixanasını ziyarət edib, burada mövcud olan bitki növlərinin qorunub saxlanması istiqamətində aparılan işlərlə maraqlanıb.  N.Allahverdiyev istixananın hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki xidmətlərin göstərildiyini bildirib.
Sonda Mərkəzi Nəbatat Bağının yeni infrastrukturunun yaşıllaşdırmasına töhvə olaraq xatirə ağacları əkilib.