23 Jun
Mərkəzi Nəbatat Bağının əməkdaşları beynəlxalq konfransda iştirak edib
110

Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Avrasiya Torpaqşünaslıq Cəmiyyətləri Federasiyasının və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin təşkilatçılığı ilə "İqlim dəyişiklikləri və davamlı torpaq idarəsi" mövzusunda birgə beynəlxalq elmi konfrans keçirilib. Konfransın əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənməklə yanaşı, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdi. 

Konfrans "Heydər Əliyev və Azərbaycanda torpaq islahatı" mövzusunda videoçarxın nümayişi ilə başlayıb. Daha sonra tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq konfransın bəşəriyyəti düşündürən aktual məsələyə həsr olunduğunu söyləyib. O bildirib ki, ölkəmizdə torpaqşünaslıq elminin inkişafı, xalq təsərrüfatının real ehtiyaclarının ödənilməsinə, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı problemin həllinə ciddi şəkildə köklənməsi məhz 1970-ci illərə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 

Akademik, həmçinin qeyd edib ki, Heydər Əliyevin tövsiyyəsi və tapşırıqları əsasında, nəzarəti altında respublikada torpaqların geniş şəkildə monitorinqi, qiymətləndirilməsi, xəritələşdirilməsi aparılıb, bu istiqamətdə çoxsaylı monoqrafiyalar, kitablar, metodiki göstərişlər nəşr olunub, elmi-nəzəri və  praktiki əhəmiyyətli dissertasiya işləri müdafiə edilib: Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük uğurla həyata keçirilmiş torpaq islahatları da Ulu Öndərin adı ilə bağlı olmuş və torpaqşünas alimlərin fəal iştirakı ilə aparılmışdır". 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək ölkənin və xalqın ən qiymətli sərvəti olan torpağın bitki və heyvan növlərinin yaşayış məskəni, həyatlarını təmin edən mühitin vacib komponenti olduğunu bildirib. Alim qeyd edib ki, bu amillər torpaqla bağlı elm sahələrini aqrar elmlə yanaşı, biologiya elminə də doğmalaşdırır və biologiyanın bir sıra istiqamətlərinin torpağa həssaslıqla yanaşmasına səbəb olur.

Akademik İradə Hüseynova Azərbaycanda torpaqşünaslıq elminin yaradıcılarından biri olmuş akademik Vladimir Volobuyevin, görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin, eləcə də böyük ekoloq alim, akademik Həsən Əliyevin torpaqşünaslığın fundamental elm sahəsi kimi inkişafına böyük dəstək verən alimlərimizdən olduqlarını xatırladıb.

“Azərbaycan iqtisadiyyatında hər zaman mühüm yer tutan aqrar sahə ilə bağlı elm sahələrinin, o cümlədən torpaqşünaslığın dinamik inkişafının təmin edilməsi Ulu Öndərin apardığı elm siyasətinin vacib elementlərindən olmuşdur, - deyən vitse-prezident ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsində Azərbaycanın torpaqşünas alimlərinin rolunu xüsusi vurğulayıb.

 

Bu gün ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması problemlərinin həll edilməsi istiqamətində elm qarşısında mühüm vəzifələr müəyyən etdiyini qeyd edən akademik İradə Hüseynova bildirib ki, daha dəqiq və əhatəli rəqəmsal-interaktiv xəritələrinin hazırlanması, antropogen və təbii təsirlər nəticəsində transformasiyaya, kəskin dəyişikliklərə, eroziya və şorlaşmaya uğramış torpaq tipləri və növlərinin “Qırmızı kitab”ının hazırlanması xüsusilə aktuallıq kəsb edir.

Vitse-prezident vurğulayıb ki, bu mühüm vəzifələrin səmərəli icrasına nail olmaq üçün maddi-texniki bazanın modernləşdirilməsi ilə yanaşı, elm adamlarının, elmi ictimaiyyətin daim ünsiyyətdə olması, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, torpaq tədqiqatlarına müxtəlif elm sahələrinin cəlb edilməsi və ortaq araşdırmaların reallaşdırılmasına dəstək verilməsi vacibdir.

Konfransda,  həmçinin Türkiyənin 19 May Universitetinin əməkdaşı Ridvan Kızılkaya, Pakistanın Kamalia Universitetinin rektoru, prof. Sacid Rəşid Əhməd, Belarusun Brest Dövlət Universitetinin əməkdaşı, prof. Yuri Mojayiski, Mərkəzi Nəbatat Bağının əməkdaşları və başqaları iştirak edib.