08 May
Mərkəzi Nəbatat Bağında gedən əsaslı təmir işləri ilə bağlı reportaj hazırlanıb
119

Məlum olduğu kimi, artıq ötən ilin noyabrından etibarən Mərkəzi Nəbatat Bağı təmirə bağlanıb. Parkda yenidənqurma işləri aparılır, bir sıra istifadəyə yararsız obyektlər sökülür və ya təmir olunur. Yenidənqurma işlərindən sonra ziyarətçilər üçün müxtəlif istirahət guşələrinin, su hövzəsi, inzibati bina, gəzinti zolaqları və sair tikintilərin nəzərdə tutulduğu açıqlanıb.

Lakin bir müddətdir sosial şəbəkələrdə Mərkəzi Nəbatat Bağında ağacların kəsilməsi ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, baxımsızlıqdan bir sıra şam ağacları quruyub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən iddialarla bağlı hazırda təmir və yenidənqurma işləri aparılan bağa mətbuat nümayəndələri üçün media-tur təşkil olunub. Jurnalistlər bağ ərazisini gəzərək görülən və planlaşdırılan işlərlə tanış olublar.

Bağın girişində ən çox diqqətçəkən məqam isə restoranlar və qanunsuz inşa edilən 40-a yaxın avtomobil təmiri müəssisələrinin ləğvi ilə bağlıdır. BŞİH-nin şöbə müdiri Elmin İmanov KİV nümayəndələrinə açıqlamasında bildirib ki, Mərkəzi Nəbatat Bağı ərazisində qeyri-qanuni tikilən “Şəki”, “Qəbələ” restoranları və 40-a yaxın avtomobil təmiri sexi sökülüb və sözügedən hissədə yaşıllıqlar salınacaq: “Hazırda təsdiq olunmuş layihə əsasında Nəbatat Bağında şəhər içərisində meşə salınır. Ərazidə 10-a yaxın 1-2 mərtəbəli bina sökülüb. Burada ETSN, BŞİH və digər qurumlar monitorinqlər aparırlar. Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və ekologiya və təbii sərbətlər naziri Muxtar Babayev əraziyə bilavasitə yerində baxış keçiriblər. Nəbatat Bağında ağaclarla bağlı monitorinqlər aparılıb və ağaclara xas bəzi xəstəliklər aşkarlanıb. Bunlarla bağlı tədbirin görülməsi vacibdir və hazırda bu tədbirlər görülür. Bağda qurumuş hər ağacın yerində eyni cinsdən olan yeni ağac əkiləcək”.

Şöbə müdiri, həmçinin əlavə edib ki, Mərkəzi Nəbatat Bağı Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və nəzarətindədir. Parkın yenidənqurmasında əsas diqqət insanların gələcəkdə asudə vaxtlarını rahat keçirməsi üçün geniş layihəyə yönəldilib. Ərazidə meşə örtüyü qorunacaq və genişləndiriləcək. Hazırda burada mütəxəssislər çalışır, analizlər aparılır.

Eyni zamanda, bağda böyük oranjereyanın olacağı nəzərdə tutulub. Oranjereyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə bağı gəzməklə yanaşı, həm də bitkilərlə tanış olacaqlar. Həmçinin bağda göl salınacaq və amfiteatrın inşası da nəzərdə tutulur. O cümlədən, ərazidə uşaqlar üçün meydança da salınacaq.

Elm və Təhsil Nazirliyinin nəzdində Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva isə bildirib ki, Botanika İnstitutunun sökülməsi ilə bağlı şayiələr həqiqəti əks etdirmir.

Həmçinin o, BŞİH rəhbəri Eldar Əzizovun onlarla görüşdüyünü və onları maraqlandıran suallara cavab verdiyini bildirib.

Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkiləri biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayev isə ərazidəki xəstə ağaclar barədə danışıb. O bildirib ki, ağaclara düşən xəstəliklə bağlı inyeksiya həyata keçirilib və xəstəlik olan ağacların 60-70 faizi xilas edilib: “Xəstə ağaclar əsasən Eldar şamı və sərv, ümumilikdə isə iynəyarpaqlılardır. Ağacların xəstələnməsi və quruması bu yaxınlarda deyil, illər öncə baş verib. Xəstəliklərlə mübarizə isə 2021-ci ilin sonlarından başlayıb. Qurumuş 94 ağac üçün rəy verilmişdi, onlardan 65-i götürülüb. Ağaclarda olan xəstəliklər təkcə bizim ölkədə deyil. Bu proseslər Gürcüstan, Türkiyə, Rusiya, İspaniya, ABŞ, Almaniya, Yunanıstan və digər ölkələrdə də gedir. Alimlər və mütəxəssislər xəstəliklərlə bağlı iş aparırlar. Türkiyə, Rusiya və İsraildən olan mütəxəssisləri monitorinq üçün ölkəmizə dəvət etmişdik.

Biz mütəmadi olaraq ağacları müayinə edirik. İnyeksiya olunmuş ağaclarda müəyyən inkişaf var. Belə ki, ağaclarda olan quruma və digər mənfi proseslər inyeksiya vasitəsilə dayanır. Xəstəliyi olan və sağalmayan ağaclar isə utilizasiya olunur. Təkcə Bakıda ötən il 3 min ağac kəsilərək utilizasiya edilib”.

Qeyd edək ki, BŞİH əməkdaşları ilə birgə bağda gəzinti zamanı heç bir qanunsuz ağac kəsimi faktı ilə rastlaşmadıq. Kəsilən yalnız xəstə və ya qurumuş ağaclar idi.


www.qafqazinfo.az