21 Feb
Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında aqrotexniki işlər aparılır
176

Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında dünya florasından müxtəlif tropik və subtropik bitki növləri introduksiya olunmuş, qiymətli dekorativ növlərdən ibarət kolleksiyalar yaradılmışdır. Bağın Tropik və subtropik bitkilər laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə kolleksiyada toplanmış bitkilərin əhəmiyyəti haqqında bəzi məlumatlar vermişdir. Məlum olmuşdur ki, tropik və subtropik bitkilər gözəl görünüşə malik olduğu üçün onlardan bəzək
bitkisi kimi interyerlərdə geniş istifadə olunur. Dekorativlik xüsusiyyəti ilə yanaşı kolleksiyada toplanmış bitkilər sağlamlıq üçün də əhəmiyyətlidir. Belə ki, bu bitkilər insanlarda müsbət əhval ruhiyyə yaradır, havanı təmizləyir, mikrobları öldürür və faydalı mikro-klimat yaradır. Həmçinin Aynur Ərəbzadə hazırda oranjereyada görülən işlərdən də danışmışdır. O qeyd etmişdir ki, oranjereyada kolleksiyada toplanmış növlərin qorunub saxlanması istiqamətində bəzi praktiki işlər aparılır. Belə ki, mövsümə uyğun olaraq bitkilərə aqrotexniki qulluq olunur. Bitkilərin suvarılması, gübrələnməsi, torpağının yumşaldılması və s. işlər görülür, xəstəlik və zərərvericiləri müəyyən olunur və onlara qarşı mübarizə tədbirləri həyata keçirilir.