Xəbərlər

Xocalının əsir abidələri


zərbaycanın Gədəbəy, Xocalı və Qarqar dağ silsiləsində aparılmış arxeoloji qazıntı zamanı son Tunc və ilk Dəmir dövrlərinə aid küllü miqdarda maddi mədəniyyət abidələri aşkar edilmiş və bu abidələr ümumilikdə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Bu mədəniyyətin yayıldığı ərazidə Neolit dövrünə aid çoxsaylı yaşayış məskənləri, misəritmə və silah istehsal edən emalatxanalar, daş qəbirlər əmək alətləri, və kurqanlar aşkar edilmişdi. Maraqlıdır ki, buradakı 11 nömrəli kurqandan müxtəlif çeşidli saxsı qablar, bəzək əşyaları ilə yanaşı üzərində Assuriya çarı Adadnirarinin adı olan b.e.ə. 1307-1275-ci illərə aid mixi yazılı muncuq tapılmışdı. Bu da, qarabağlıların və xüsusi ilə burada yaşayan qarqarların Şərq ölkələri arasında olan iqtisadi və mədəni əlaqələrinə və hətta dolayısı ilə Manna, Midiya, Albaniya və Atropatena dövlətinin inkişafında oynadığı müsbət rola işarədir. Xatırladaq ki, Qafqaz Albaniyası dövrünü tədqiq edən K.V.Trever hələ III əsrdə Albaniyada Qarqar düzü adlı yerin olduğunu söyləyib. İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar dağ silsiləsinin, Qarqar düzünün və buradan keçən Qarqar çayın adını məhz qarqarlar tayfasının adı ilə bağlayırlar. Onlar hətta Alban əlifbasının qarqarların dili əsasında tərtib olmasını ehtimal ediblər. Bununla yanaşı, Yunan coğrafiyaşünas alimi Strabon və tarixin atası sayılan Heredot, qarqarların Şimali Qafqazda yaşadığını göstərdiyi halda, onların heç biri Qarabağ ərazisində erməni toponimini və mədəniyyətini xatırladan mənbə göstərməmişdi.

Xocalı ərazisinə gəldikdə isə burada çoxsaylı arxeoloji abidələrlə yanaşı kifayət qədər memarlıq abidələri də qalmışdır. Buna misal olaraq Xocalının qədim məzarlığında yerləşən XIV əsrə aid Xocalı türbəsini göstərmək olar. Abidə Xocalı kurqanları yerləşən qədim məzarlıqda qalırdı. Qarabağın qülləvari türbələr qrupuna daxil olan bu türbə yerli daşla tikilib üzəri yaxşı cilalanmış plitələrlə üzlənmişdi. Abidə portalının qabarıq və sadə formalı oyma ornamentləri onu qonşu ərazilərdə olan abidələrdən fərqləndirən cəhət idi. Lakin, hələ Sovet dövründə Qarabağın digər abidələri kimi bu abidənin də üzlük daşlarını ermənilər qaşıyıb tökmüş və onun xarici görünüşünü qeyri-adi şəkilə salmışdı. Ancaq yaxşı deyiblər ki, “Gözəl memarlığın xarabalığı da gözəldir”. Xocalı türbəsi də belə görünüşü ilə qədim tarixə malik olan memarlığımızı layiqincə yaşadırdı...

Xocalı ərazisində yerləşən möhtəşəm abidələrdən biri də Əsgəran qalasıdır. Qarabağ qalalarının sonuncusu hesab edilən bu qala XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Pənahəli xanın vəsiyyəti ilə oğlu İbrahim xan tərəfindən tikdirilib. Məqsəd Şuşa şəhərinə şimaldan olan düşmən basqınlarının qarşısını almaq idi. Qarqarçayın hər iki sahilini birləşdirən və iki istehkamdan ibarət olan qala yerli çay daşı ilə inşa olunmuşdu. Qalanın gözəl və qeyri-adi landşaftda yerləşməsi onun memarlığına son dərəcə təsirli görünüş verir. Yeri gəlmişkən qeyd edək ki, 1810-cu ildə Rusiya ilə İran arasında olan sülh danışıqları da məhz Əsgəran qalasında aparılmışdı. Əsgəran sözünün mənası isə "Qədim Aran" deməkdir. Yəni “Əsgi Aran”. Ümumiyyətlə Xocalı ərazisində 4 kurqan, 8 nekropol, 1 Qədim məzarlıq və 1 türbə, 9 Alban məbədi və 5 qala ümumrespublika abidələr sırasına daxil edilmişdi. Ancaq burada qeydə alınmamış abidələr çoxdur.

Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Xocalı rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi dörd milyard səkkiz yüz səksən yeddi milyon beş yüz min dollar (4 887 500 000) insanlara, inzibati yaşayış və fərdi şəxslərin mülkiyyətinə dəyən zərər isə iyirmi bir milyon yeddi yüz otuz səkkiz min yüz qırx dörd dollar (21 738 144) olduğu müəyyənləşib.

Xocalıdakı abidələri haqqında qısa tarixi səyahətdən sonra Qarabağın ümumi işğalda qalan mədəniyyət abidələri haqqında məlumat verilməsinə ehtiyac duyulur.

Araşdırmalar göstərir ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalıb. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalıb. İşğal zamanı təkcə Şuşada 8 muzey, 31 kitabxana, 17 klub və 8 mədəniyyət evi tamamilə dağıdılıb. Eyni zamanda Şuşa filialı olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti və Qarabağ Tarixi muzeyinin 1000-ədək, Ağdam tarix-diyarşünaslıq muzeyinin 2 min, Qubadlı tarix-diyarşünaslıq muzeyinin 3 mindən çox, Zəngilan tarix-diyarşünaslıq muzeyinin 6 min, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeylərinə məxsus küllü miqdarda eksponatlar qarət edilərək Ermənistana daşınıb. Onlar arasında Üzeyir Hacıbəyovun, Bülbülün və Xurşidbanu Natəvanıngüllələnmiş büstü də olub. Məlum olduğu kimi sonra onlar çox çətinliklə əldə edilərək Bakıya gətirilib. Bütün bunlara əlavə olaraq qeyd edim ki, Qarabağ bölgəsində yerləşən Qaraköpəktəpə, Üzərliktəpə və s. kurqanlar hazırda hərbi məqsədlər üçün istifadə edilir və o cümlədən Şuşa, Laçın, Kəlbəcər, Zəngilan Qubadlı, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl və Füzuli rayonlarındakı qəbiristanlıqlar, türbələr, məscidlər düşmən səngərlərinə çevrilərək qəsdən məhv edilir. Lakin Qafqaz Albaniyasına məxsus abidələr çox ustalıqla rekonstruksiya olunaraq erməni memarlığına uyğunlaşdırılır. Bununla yanaşı, onlar bütün beynəlxalq hüquq normalarına zidd olaraq Azıx mağarasında arxeoloji qazıntı işləri aparır və əldə olunan bütün maddi mədəniyyət abidələrini Ermənistana daşırlar. Bununla da kifayətlənməyən ermənilər, ekoloji cinayətə əl ataraq Qarabağın meşələrini də talan edirlər. Onlar yaşı yüzlərlə ölçülən çinar, palıd və qoz ağaclarını kütləvi şəkildə doğrayıb Ermənistana daşıyır, mütəmadi yanğınlar törədir, yeraltı sərvətləri çıxarmaq üçün böyük miqyasda qazıntı işləri apararaq regionun flora və faunasına, küllü miqdarda zərər vururlar. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi işçi qrupu yaradılıb. Bu qrup ölkəmizə dəymiş ekoloji zərərin miqdarını 285 milyard dollar qiymətləndirib. Bununla yanaşı Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsi, işğal nəticəsində dövlətə və vətəndaşlara dəymiş maddi zərərin məbləğini, beynəlxalq standartlara uyğun olaraq 818 milyard 880 milyon dollar həcmində qiymətləndirib.

Göründüyü kimi Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi ziyanın məbləğı çox böyükdür. Lakin bütün bunlara baxmayaraq ölkəmizə dəymiş zərərin miqyasını dəqiq təyin etmək praktiki olaraq mümkün deyil. Çünki talan olunmuş və məhv edilmiş tarix və mədəniyyət abidələri təkcə Azərbaycana deyil, həm də dünya sivilizasiyasına çox dəyərli töhfə verən mədəni irs sayılır.

Burada sözə qüvvət olaraq qeyd edim ki, Azərbaycan Respublikası Haaqa Konvensiyasına qoşulub. Bu Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində olan mədəni dəyərlərin qorunmasını və müdafiə edilməsini iştirakçı dövlətər qarşısında vəzifə kimi qoyur. Bu kimi qanunlar həm də İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Avropa Mədəniyyət Konvensiyası və YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası tərəfindən tənzimlənir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq bu qurumların hər birinə qoşulmuş və öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun şəkildə formalaşdırmışdır. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" 10 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununu da məhz bu zəmindən yaranmışdır. Lakin və çox təəssüf ki, Azərbaycan Respublikasının 20 faiz torpaqlarını işğal edən Ermənistan bu qanunların heç birinə məhəl qoymadan Qarabağın tarix və mədəni irsini məhv etməklə yanaşı həm də Xocalıda soyqırımı törədib. 7 min əhalisi olan şəhərdə 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyninin birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş və onların 150-nin taleyi bu gün də məlum deyil. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə və mərmi yarasından əlil olmuşdur. Indi özünüz müqayisə edin. Yuxarıda göstərilən məbləğlər hansı insanın həyatını geri qaytara bilər...

Məlum olduğu kimi bu ilin 27 sentyabrından erməni təcavüzkarları atəşkəsi yenidən pozaraq ərazimizə hücum etdilər. Lakin şanlı Azərbaycan ordusu onlara layiqli cavab verərək işğal altında olan ərazimizin xeyli hissəsini azad edib və dayanmadan irəliləyir. Biz inanırıq ki, Prezidentimizin qətiyyətli siyasi iradəsi və güclü ordumuzun döyüşkən əzmi sayəsində tezliklə düşmən üzərində qələbə çalınacaq və o zaman nəinki Xocalı, hətta bütün Qarabağ abidələri də yenidən bərpa olunacaq.

Rizvan  QARABAĞLI, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent

 

Foto

13.10.2020