Xəbərlər

UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin ilk iclası keçirilib


Fevralın 3-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin ilk iclası keçirilib. 

Tədbiri komitənin sədri, institutun direktoru, akademik Teymur Kərimli açaraq Azərbaycanla UNESKO arasında əlaqələrin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olduğunu və məhz ümummilli liderin təşəbbüsü ilə 1973-cü ildə görkəmli şair İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edildiyini bildirib. 

Akademik T.Kərimli respublika ərazisindəki dünya əhəmiyyətli sənədlərin, əlyazmaların, kitabxana və arxivlərdə saxlanılan materialların gələcək nəsillərə çatdırılmasını, eləcə də qorunmasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Milli Komitəsinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, komitənin başlıca səlahiyyətlərindən biri də Azərbaycanın sənəd irsinin UNESKO-nun Beynəlxalq Dünya Yaddaşı Reyestrinə daxil edilməsi ilə bağlı təkliflər verməkdir. O, hazırda Azərbaycanın 16 maddi və qeyri-maddi mədəni irsinin UNESKO-nun Ümumdünya və Qeyri-maddi mədəni irs siyahısına salındığını xatırladıb.

Daha sonra Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov "Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin gələcək fəaliyyət istiqaməti" mövzusunda məruzə ilə çıxış edib. E.Sultanov Azərbaycan-UNESKO əlaqələrinin gücləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. O, təşkilatla ölkəmiz arasında əməkdaşlığın genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib.

UNESKO-nun Dünya Yaddaşı Proqramı barədə məlumat verən E.Sultanov 2005-ci ildə Azərbaycandan təqdim edilmiş "Orta əsrlərə aid tibb və əczaçılıq" əlyazmalarının, 2017-ci ildə isə Məhəmməd Füzulinin "Divan" əlyazmasının surətinin Beynəlxalq Dünya Yaddaşı Reyestrinə daxil edildiyini vurğulayıb. 

O, Azərbaycan Milli Komitəsinin yaradılmasının önəmini qeyd edərək, ölkəmizin zəngin sənədli irsinin bu reyestrə daxil edilməsi, eləcə də Milli Dünya Yaddaşı Reyestrinin yaradılması ilə bağlı Milli Komitənin fəaliyyətinin vacibliyini bildirib.

E.Sultanov daha sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

İclasda, həmçinin komitənin üzvləri - akademiklər Nərgiz AxundovaNailə VəlixanlıYaqub Mahmudov, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər. 

Sonda Milli Komitənin gələcək fəaliyyəti ilə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

03.02.2020