Xəbərlər

Biologiya sahəsində tanınmış alimlər AzTV telekanalına müsahibə verib


AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev telekanala müsahibədə Azərbaycanın düşmən işğalından yenicə azad olunmuş ərazilərində, xüsusilə Qarabağ zonasında meşələrin bərpası, şəhər və yaşayış məskənlərinin yaşıllaşdırılması məsələsinə toxunub. Yaşıllaşdırmada ölkənin iqlim-torpaq şəraitinə uyğunlaşmış ekzotik bitkilərdən istifadə edilə biləcəyini deyən alim bu baxımdan yerli novlərin üstünlük təşkil etməsinin məqsədə uygunluğunu qeyd edib.

Biomüxtəliflik və çiçək bitkiləri baxımından zənginliyə malik Kəlbəcər, Laçın, Qubadlı ərazilərində arıçılığın inkişafı məsələsinə toxunan biologiya elmləri doktoru  Zülfü Məmmədov bildirib ki, sözügedən ərazilərdə arıçılığın inkişafı meyvəçilik sahəsində məhsuldarlığın artamasına öz töhvəsini verəcək.

Biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev taxılçılıq, tərəvəzçilik və bostançılığın inkişafı üçün Qarabaq zonasında geniş potensialın mövcudluğuna toxunaraq qeyd edib ki, burada əsas məsələ zonanın torpaq-iqlim şəraitinə uyğun bitki növlərinin seçilməsidir. Alim yolkənarı ərazilərin yaşıllaşdırılmasında isə bölgənin iqlim şəraitinə xarakterik palıd, fisdiq, çinar, ağcaqayın kimi ağac növlərinə üstünlük verilməsinin vacibliyini bildirib.

Biologiya elmləri doktoru  Şakir Qasımov qeyd edib ki, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli ərazilərinin təbiət abidələrinin və meşələrinin bərpası, vaxtıilə Şuşada nəzərdə tutulmuş Nəbatat bağının yaradılması kimi xüsusi proqramlar işlənilərək həyata keçirilməlidir.

27.11.2020