Xəbərlər

İlk portativ terahers lazer yaradılıb


ABŞ və Kanada alimləri laboratoriya şəraitindən kənarda terahers şüalanma generasiya edə bilən portativ qurğu yaradıblar. Bu lazer xəstəxanalarda dəri xərçənginin diaqnostikasına və aeroportlarda gizli partlayıcı maddələri aşkarlamağa kömək edəcək. Tədqiqatın nəticələri “Nature Photonics” nəşrində dərc edilib.

RİA Novosti saytının verdiyi xəbərə görə, təsviri real zaman rejimində əldə etmək məqsədilə indiyədək kifayət qədər güclü, terahers şüalanmanın generasiyası üçün 200 Kelvindən aşağı temperatur tələb olunurdu. Belə temperaturu laboratoriyada böyük avadanlığın sayəsində əldə etmək mümkün ola bilərdi.

ABŞ-da Massaçusets Texnologiya İnstitutundan və Kanadanın Vaterloo Universitetindən bir qrup tədqiqatçının yaratdığı güclü terahers kvant kaskad lazerinin portativ versiyası 250 Kelvin (-23 °C) temperaturda işləyə bilir. Bunun üçün ona yalnız kiçik sərinləşdirici qurğu lazımdır.

Terahers kvant kaskad lazerləri – mikrosxemlər quraşdırılmış kiçik yarımkeçirici qurğu 2002-ci ildə ixtira edilib. Lakin onların 200 Kelvindən yuxarı temperaturda işləmək üçün uyğunlaşması o qədər mürəkkəb olub ki, mütəxəssislərin çoxu portativ qurğular əsasında lazer yaratmaq ideyasından imtina ediblər. Şimali amerikalı alimlər buna nail ola biliblər. Tədqiqatın rəhbəri, Massaçusets Texnologiya İnstitutunun elektrotexnika və kompüter elmləri professoru Qing Hu deyib: “Yüksək işçi temperaturu nəticəsində biz bu inqilabi texnologiyanı laboratoriyadan çıxara bilərik. Bu isə tibdə, biokimyada, təhlükəsizlik və digər sahələrdə portativ terahers təsvirlərin və spektral sistemlərin istifadəsini mümkün edir”.

Professor Hu terahers tezliklərinin – mikrodalğalar və infraqırmızı diapazon arasında elektromaqnit spektri zolağının tədqiqinə 1991-ci ildən başlayıb və 2002-ci ildə terahers kvant kaskad lazerini hazırlayıb. Həmin vaxtdan alim öz qurğusunun təkmilləşdirilməsi ilə məşğul olur. Əldə edilən 250 Kelvin maksimumu, 2019-cu ildə təyin olunmuş 210 Kelvindən əhəmiyyətli bir sıçrayışdır və 2012-ci ildəki 200 Kelvin rekordunu qırıb.

Alimlər lazer sistemi işləyib hazırlayanların daha bir problemini həll ediblər – temperaturun yüksəlişi ilə elektronların kvant baryerindən sızmasının artmasını qarşısını alıblar. Hunun sözlərinə görə, elektronların sızması sistemə məhvedici təsir göstərir. Bu sızmanın qarşısını almaq üçün yüksək baryer yaradılıb və uğurla nəticələnib.

Tədqiqatçılar əldə edilmiş nəticəni son məqsədə çatmaqda - otaq temperaturunda işləyən güclü terahers lazerinin yaradılmasında növbəti mərhələ hesab edirlər.

03.11.2020