Xəbərlər

Bu gün AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyevin 70 yaşı tamam olur


Yanvarın 6-da görkəmli kimyaçı alim, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı, AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin 70 yaşı tamam olur. 

Dilqəm Tağıyev 6 yanvar 1950-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olub və Moskvaya, SSRİ EA-nın Üzvi Kimya İnstitutuna ezam edilib. Alim 1975-ci ildə “Olefinlərin seolit katalizatorları üzərində çevrilmələrinin tədqiqi” mövzusunda kimya elmləri namizədi, 1984-cü ildə isə “Karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə və piroliz reaksiyaları üçün seolit və silikagel əsaslı katalitik sistemlər” mövzusunda kimya elmləri doktoru elmi dərəcəsini almaqla kataliz sahəsində SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olub. Dilqəm Tağıyev 1986-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Kataliz sahəsində fundamental və tətbiqi tədqiqatlar aparan, onu yeni elmi biliklərilə zənginləşdirən, elmi və pedaqoji fəaliyyəti bir-birilə uzlaşdırmağı bacaran D.Tağıyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Alim 2013-2018-ci illərdə Kimya Elmləri Bölməsinin akademik-katibi olub, 2014-cü ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru seçilib. Geniş erudisiyaya, yüksək elmi potensiala və təşkilatçılıq bacarığına malik olan D.Tağıyev 2017-ci ildə AMEA-nın vitse-prezidenti seçilib.

Kimyaçı alimin əsas tədqiqat sahəsi karbohidrogenlər və onların törəmələrindən müxtəlif monomerlər və qiymətli kimyəvi məhsullar almaq üçün kristallik alümosilikatlar və fosfatlar, heteropoluturşular və metal-komplekslər əsasında yüksək aktivliyə və seçiciliyə malik katalizatorların alınması və onların təsir mexanizminin tədqiqi olub. Seolit katalizi sahəsində onun apardığı tədqiqatlar və əldə etdiyi mühüm elmi nəticələr 1983-cü ildə SSRİ-də nüfuzlu mükafatlardan biri olan SSRİ Lenin Komsomolu mükafatına layiq görülüb. O, kimya və kimya texnologiyası sahəsində bu mükafata layiq görülmüş yeganə azərbaycanlı alimdir.

Akademik Dilqəm Tağıyevin seolit və metal-silikat katalitik sistemlərində hidrogenləşmə və oksidehidrogenləşmə reaksiyalarının və oksigenin izotop mübadilə proseslərinın tədqiqi kinetikada vacib parametr olan diffuziya əmsalının ekspress təyin üsulunun işlənilməsi, seolitəbənzər quruluşlu fosfatların sintezi, seolitlərdən elektrod komponenti kimi fotoelektrokatalitik proseslərdə istifadənin mümkünlüyü və digər işləri kataliz sahəsində prioritet xarakterli tədqiqatlar olub. Alimin çoxillik tədqiqatları nəticəsində neft kimyasında vacib proseslərdən olan izomerləşmə, alkilləşmə, aromatikləşmə və digərləri üçün yeni katalitik sistemlərin yaradılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun bioloji fəal kompleks birləşmələrin və mikro məsaməli quruluşa malik klatratların sintezi, dərman maddələrinin immobilizasiyası üçün nanogellərin və Günəş enerjisinin çevrilməsində yeni elektrod materiallarının yaradılması, yumşaq şəraitdə oksidləşmə reaksiyalarını aparan katalizatorların hazırlanması və digər sahələrdə apardığı tədqiqatlar vacib problemlərə həsr olunub.

AMEA-nın vitse-prezidenti 750 elmi əsərin, o cümlədən 21 monoqrafiya, kitab və dərsliyin, 60 patent və şəhadətnamənin müəllifidir. Onun bir çox məqalələri Clarivate Analytics bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda işıq üzü görüb. Alimin rəhbərliyi altında 5 elmlər, 13 fəlsəfə doktoru hazırlanıb.

O, “Azərbaycan Kimya Jurnalı”nın baş redaktoru, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvü, eyni zamanda, Nyu York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Seolit Assosiasiyasının üzvü, Amerika Kimya Cəmiyyətinin və Rusiya Təbiətşünaslıq Akademiyasının üzvüdür.

Kimyaçı alimin elmi və elmi-təşkilati fəaliyyəti daim yüksək qiymətləndirilib. O, “Əməkdə fərqlənməyə görə” və “Tərəqqi” medalları, eləcə də “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.

Akademik Dilqəm Tağıyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

06.01.2020