Xəbərlər

Botanika İnstitutu ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d., dosent Faiq Xudayev, həmin müəssisənin direktor müavini, b.ü.f.d. Nizami Hümbətov və laboratoriya müdiri Rasib Zeynalov AMEA-nın Botanika İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Validə Əlizadə ilə görüşdə qonaqlara müəssisənin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verilib. Bildirilib ki, müasir çağırışları və ölkədə aparılan aqrar islahatları nəzərə alaraq institut ötən il Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumları ilə müqavilələr imzalayıb.

İnstitut alimlərinin aqrar sektorun inkişafı istiqamətində apardıqları səmərəli elmi-tədqiqat işlərindən bəhs edən akademik V.Əlizadə bildirib ki, müəssisədə 2016-cı ildən başlayaraq “Ərzaq təhlükəsizliyinin qorunması və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi” üzrə elmi-praktiki nəticələrin alınması və məhsuldarlığın yüksəldilməsinə xidmət edən işlər yerinə yetirilir.

Görüş zamanı, həmçinin iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, müvafiq təkliflər səsləndirilib.

Daha sonra təsərrüfat əhəmiyyətli bitkilərə dair alınan nəticələr, eləcə də quraqlığa və duzadavamlı yabanı və mədəni yem bitkilərinin becərilməsinə dair təkliflər təqdim olunub.

Sonda 3 istiqamət üzrə birgə işlərin aparılması, əməkdaşlığın daha da genişləndirilməsi və gənc mütəxəssislərin bu tədqiqatlara cəlb edilməsi qərara alınıb.

11.02.2020