Xəbərlər

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib


Fevralın 25-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin sədri, akademik İradə Hüseynova, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncağı akademik İradə Hüseynova açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra BTEB-ə daxil olan elmi müəssisə və təşkilatların 2020-ci il üçün elmi-tədqiqat planları, həmçinin doktorantura və dissertanturaya qəbulun nəticələri təsdiqlənib. Təqdim olunan dissertasiya mövzularının adları ilə bağlı bir sıra vacib məqamlara toxunan İ.Hüseynova alimlərə müvafiq tövsiyələrini verib. O, mövzuların aktuallıq dərəcəsinin nəzərə alınmasının vacibliyini önə çəkərək, fərqli yanaşmalarla elmə yeniliklər gətirməyin və mühüm nəticələr əldə etməyin mümkün olduğunu deyib.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı” haqqında 14 fevral 2020-ci il tarixli qərarının icrasından irəli gələn məsələlər müzakirə olunub. Bölmə sədri iş proqramının 2020-2023-cü illəri əhatə etdiyini deyərək, nəşrlə bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə müzakirələr aparmağın zəruriliyini vurğulayıb. O, “Qırmızı Kitab”ın III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanmasının önəmini qeyd edib.

Gündəlikdə yer alan növbəti məsələ AR Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA-nın elmi müəssisələri arasında əməkdaşlığa dair təkliflər haqqında olub. Akademiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini söyləyən İ.Hüseynova bu əlaqələrin daha da genişləndirilməsi üçün səsləndirilən təkliflərin AMEA-nın büdcədənkənar gəlir əldə etməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

25.02.2020