Xəbərlər

Biologiya elmləri doktoru Elman İsgəndərin 65 yaşı tamam olur


Bu gün Azərbaycanın botanika elminin tanınmış simalarından biri Elman Osman oğlu İsgəndərin 65 yaşı tamam olur.

Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olub. 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978-1983-cü illərdə İsmayıllı rayonunda təyinatla müəllim işləyib.

E.O.İsgəndər 1983-2000-ci illərdə Azərbaycan EA Botanika İnstitutunda aqronom, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışıb. 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb, 1995-ci ildə dosent elmi adına layiq görülüb.

E.O.İsgəndər 2000-2007-ci illərdə Qaziantep Universitetinin (Türkiyə) Biologiya bölümündə dosent vəzifəsində çalışıb, universitetdə Botanika Bağı yaradıb.

Alim 2012-ci ildə “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin, reproduksiyasının və repatriasiyasının elmi əsasları” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi alıb.

E.O.İsgəndər 2014-cü ildən Bakı Dövlət Universitetinin “Bioekologiya” kafedrasında professor vəzifəsinə seçilib. Hal-hazırda AMEA Mərkəzi Nəbatat Bağında “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri vəzifəsində çalışır.

Onun tərəfindən Azərbaycan florasına aid nadir və nəsli kəilməkdə olan 189 növ ağac və kol bitkisinin bioekoloji xüsusiyyətləri, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallarının kiçilmə səbəbləri aşkar edilərək, onların təhlükə kateqoriyaları ilk dəfə müəyyənləşdirilib. Azərbaycanda İlk dəfə Abşeron şəraiti üçün ağac və kol bitkilərinin introduksiyasının perspektivliyinin qiymətləndirilməsi şkalası hazırlanıb.

E.O.İsgəndər 150-dən çox elmi əsərin (65-i xaricdə), o cümlədən 1 monoqrafiya, 8 kitab, 1 kitabçanın müəllifidir. Alimin 15 məqaləsi beynəlxalq bazalarda, referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 elmlər doktoru və 5 fəlsəfə doktoru hazırlanıb.

E.O.İsgəndər AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, İlin Alimi ali media mükafatı ilə təltif edilib.

05.04.2020