Xəbərlər

Azərbaycanın müxtəlif rayonlarında etnobotaniki araşdırmalar aparılır


Azərbaycan florasına daxil olan ali bitkilərin bir çoxu dərman, iqtisadi, qida və yem əhəmiyyətlərinə görə insanların əsas ehtiyacları üçün istifadə olunur.

XX əsrin ortalarından etibarən təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində bəzi ərazilərdə bitki örtüyü deqradasiyaya uğrayıb, bir çox biki növləri məhv olub və ya onların sayı kəskin surətdə azalmağa başlayıb. AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının əməkdaşları vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ekspedisiyalara gedir və monitorinq aparırlar. Əməkdaşlar, həmçinin bitki müxtəlifliyinin öyrənilməsi ilə yanaşı, onların yerli əhali tərəfindən istifadəsinə dair məlumat toplayırlar.

Carı ilin iyun-iyul aylarında institutun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva, elmi işçilər - b.ü.f.d. Gülnarə Şirəliyeva, b.ü.f.d. Nuri Mövsümova, Nailə Əsgərova və Həsrət Məmmədova tərəfindən Böyük Qafqaz üzrə Zaqatala, Qax, Şəki, Kiçik Qafqaz üzrə Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında 6 marşrut üzrə monitorinqlər həyata  keçirilib.

Monitorinqin əsas məqsədi regionlarda antropogen təsirə məruz qalan bitkilərin ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub.

Eyni zamanda, rayonlarda yerli icmalar üçün treninqlər keçirilib və bitkilərin toplanılması zamanı xüsusi qaydalara riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Nəticədə bəzi faydalı bitkilərdən xammal ehtiyatı toplanılıb, onlar qurudularaq laboratoriyada tərkibinin öyrənilməsi üçün hazırlanıb. Toplanmış 500-ə qədər herbari materialının identifikasiya olunması və institutun Herbari fonduna təhvil verilməsi nəzərdə tutulur.

09.07.2020