Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə fəaliyyətinin hesabatı müzakirə olunub


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə elmi-təşkilati fəaliyyətinin hesabatı dinlənilib. Onlayn formatda keçirilən iclasdan AMEA Biologiya və Tibb Elmlər Bölməsinin sədri akademik İradə Hüseynova, üzvləri akademik Qərib Məmmədov, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Novruz Quliyev, AMEA-nın müxbir üzvü Pənah Muradov, b.e.d.,prof. Ulduz Həşimova, a.e.ü.f.d. Ə. Eyvazov və Mərkəzi Nəbatat Bağının Elmi şurasının üzvləri iştirak edirdi.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclasda Mərkəzi Nəbatat Bağının 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın müzakirə ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra Mərkəzi Nəbatat Bağının direktoru biologiya elmləri doktoru Vahid Fərzəliyev geniş təqdimatla çıxış edərək bildirdi ki, hesabat ilində “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”sı, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası”, “Azərbaycan  Respublikasinin milli  iqtisadiyyat perspektivi  üzrə  strateji  yol  xəritəsi” çərçivəsində Mərkəzi Nəbatat Bağı fəaliyyətini uğurla həyata keçirir. 2020-ci ildə “Təbii və mədəni floradan olan bitki növlərinin introduksiyası və kolleksiya fondunun yaradılması” problemi üzrə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə tədqiqat işlərinə başlanmışdır. Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən 1 kitab, 2 monoqrafiya, yerli mətbuatda 8 məqalə və 4 tezis, xarici məqbuatda 5 məqalə,  İmpakt faktorlu jurnallarda 7 məqalə dərc edilmiş, elmi işçilərin əsərlərinə 26 istinad edilmişdir.

V.Fərzəliyev qeyd etdi ki, Bağın əməkdaşları 4 layihədə, 2 beynəlxalq treyningdə iştirak etmiş, Botanika Bağlarının Mühafizəsi Üzrə Beynəlxalq Təşkilatı, “REC Caucasus”, Botanika Bağlarının İqlim Dəyişmələri İttifaqı, Böyük Britaniya, Kyu Kral Botanika Bağları və başqa təşkilatlar ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Sonra məruzəçi BTEB-in və institutun Elmi şurasının üzvlərini maraqlandıran  sualları cavablandırıb.

Akademik Qərib Məmmədov, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Novruz Quliyev, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, b.e.d. Ulduz, b.e.d Şakir Qasımov həsabatın müzakirəsində yaxından iştirak edərək, hesabatı qəbul olunmasını dəstəklədilər.

Sonda çıxış edən akademik İradə Hüseynova Bağın fəaliyyətini  qənaətbəxş qiymətləndirərək, hesabatın qəbul edildiyini bildirdi. Növbəti illərdə ölkədaxili və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini tövsiyə etdi.

17.12.2020