Xəbərlər

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib


Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının Zoom konfrans proqramının vasitəsi ilə onlayn iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Akademik İradə Hüseynova AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamında xüsusi olaraq Bölməyə tapşırılan işlərin, AMEA-nın prezidentinin son 2 ayda verdiyi digər mühüm sərəncamların icrası, onlarla bağlı görülmüş tədbirlər barədə məlumat verib. Natiq virusun yayıldığı ilk vaxtlarından AMEA-nın Biologiya və Tibb Bölməsi tərəfindən maarifləndirici tədbir və seminarların təşkil olunduğunu, karantin dövründə isə mətbuat, informasiya agentlikləri, televiziya kanalları və s. ilə ciddi iş aparıldığını, magistraturada distant təhsilin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, həmçinin Bölmənin mütəxəssisləri tərəfindən müəyyən tədqiqatların da aparıldığını qeyd edib.
Akademik İradə Hüseynova və BTEB-in elmi şurası sədrinin müavini AMEA-nın müxbir üzvü Nuru Bayramov ölkədə koronavirusla bağlı ölkə başçısının rəhbərliyi ilə görülən işlərin, atılan addımların əhəmiyyətinə diqqət çəkərək, Azərbaycan təcrübəsinin bütün dünyada yüksək dəyərləndirilməsinin qürurverici olduğunu vurğulayıblar. Həmçinin bundan sonra da institutlarda əməkdaşlarla izahat işlərinin aparılmasının, gigiyena və sosial məsafə qaydalarına əməl edilməsinin vacibliyi qeyd edilib.
Akademik İradə Hüseynova iştirakçıların diqqətini yaxın bir ay ərzində keçirilməsi planlaşdırdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn elmi konfransa cəlb edib və institutları onun işində fəal iştirak etməyə çağırıb. Hazırda konfrans üçün materialların qəbulu və ekspertizası davam edir.
Bölmənin rəhbəri qeyd edib ki, postpandemiya dövründə tədqiqatların prioritet istiqamətlərinə yenidən baxılmasına ehtiyac yaranıb. Viruslar və yoluxucu xəstəliklər, ərzaq təhlükəsizliyi, biotəbabət, iqlim dəyişikliklərinin öyrənilməsi bunların arasında xüsusi yer turur. O, AMEA-nın postpandemiya dövründəki fəaliyyəti ilə bağlı təkliflər paketi hazırlandığını və biotəhlükəzislik üzrə tədqiqatların aparılması üçün imkanların yaradılmasının vacibliyi haqda məsələnin də bu təkliflərdə yer aldığını qeyd edib.
Akademik İradə Hüseynova Bölmə institutlarının magistraturasını bitirmiş iki gəncin tanınmış Avropa universitetlərinin doktoranturasına qəbulu, eləcə də bu il üçün Bölmənin magistraturasına ayrılmış yerlər haqda məlumat verib, magistr hazırlığının təmərküzləşməsinin vacibliyinə diqqət çəkib.
Bölmənin institutlarında rəhbər kadrların təsdiq edilməsi barədə AMEA Rəyasət Heyətinin son qərarlarını xatırladan natiq kadr siyasətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Akademik İradə Hüseynova AMEA-nın və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrinin ortaq tədqiqat layihələri ilə bağlı Bölmə institutlarının təqdim etdikləri təkliflərin hamısının nazirlik tərəfindən bəyənildiyini bildirib və bununla bağlı növbəti addımlardan danışıb.
AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə Azərbaycanın “Qırmızı kitab”ı ilə bağlı görülən işlərdən, müvafiq ekspedisiyaların təşkilinin vacibliyindən danışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyətlərin gücləndirilməsinin vacibliyi qeyd edilib.
AMEA-nın müşaviri akademik Qərib Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA Dendrologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA Zoologiya İnstitutunun direktoru biologiya elmləri doktoru Elşad Əhmədov da respublikanın regionlarında ekspedisiyaların keçirilməsi, çöl tədqiqatlarının, elmi təcrübə bazaları və dayaq məntəqələrində təcrübələrin aparılması işlərinin təşkili, bunun üçün əməkdaşlara icazə alınması məsələsi ilə bağlı istəklərini bildirdilər.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov ADAU-da distant təhsilin təşkili, universitetdə bu məqsədlə İnternet TV yaradılması, 320 mühazirənin müxtəlif kanallarla yayımlanması haqda məlumat verib.
İclasda bir sıra vacib dövlət tapşırıqlarının, dövlət proqramları və milli strategiyaların, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA-nın prezidentinin sərəncamlarının icrası, institutlarda tədqiqat prosesinin və kadr hazırlığının gələcək inkişafı ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb, müəyyən təkliflər səsləndirilib.
Sonra bir neçə alimə (akademik Seyfəddin Əliyev, b.e.d. Elman İsgəndər, a.e.d., prof. Amin Babayev, b.ü.f.d. Esmira Əlirzayeva) Bölmənin Fəxri fərmanlarının verilməsi barədə qərar qəbul edilib.
Sonda Biologiya və Tibb Elmləri Bölməsi üzrə bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul olunub.

15.05.2020