Xəbərlər

Alimlər COVID-19-a yoluxmuş xəstələrdə yeni, daha güclü anticisimlər aşkar ediblər


Amsterdam Universitetinin Tibbi Mərkəzinin tədqiqatçıları COVID-19-dan sağalmış pasiyentlərdə yeni, daha güclü anticisimlər aşkar ediblər. Bu anticisimlər əvvəllər koronavirusa yoluxmuş pasiyentlərin orqanizmində yaranan anticisimlərlə müqayisədə virusa daha effektiv müqavimət göstərir.

nltimes.nl saytı xəbər verir ki, alimlər koronavirusdan müalicə üçün dərmanın hazırlanmasında kömək edə biləcək iki protein tapıblar. Tədqiqatın rəhbəri, doktor Marit van Qils yeni anticisimlərin əvvəlkilərdən yüz dəfə güclü olduğunu və onlardan hazırlanan dərmanın daha ucuz başa gələcəyini bildirib.

Marit van Qils qeyd edib ki, COVID-19-a yoluxmuş pasiyentlərin qanından götürülmüş bütün anticisimlər laboratoriyada yoxlanılıb və ən effektiv variantlar seçilib. Növbəti addımla anticisimlərin tətbiqinin təhlükəsiz olduğu sübut olunmalıdır.

Onun sözlərinə görə, əvvəlcə laboratoriya heyvanları üzərində sınaqlar keçiriləcək. Bu sınaqlar uğurlu olarsa, insanlar üzərində testlərə start veriləcək.

Qeyd edək ki, insanlar üzərində sınaqların gələn ilin əvvəlində başlanması ehtimal olunur. 

17.06.2020