Xəbərlər

Abşeronun landşaft memarliğinda bitkilərdən istifadənin bəzi prinsipləri


Abşeron yarımadasının bitki örtüyü yarımsəhra bitki örtüyü tipinə aiddir. Burada bəzi kol bitkilərini çıxmaq şərti ilə təbii halda bitən ağac və kol bitkilərinə demək olar ki, rast gəlinmir. Təbii florada əsasən ot və kolcuq tipli bitkilər daha çox üstünlük təşkil edir. Məlumdur ki, hər bir zonanın bitki örtüyünə buranın torpaq-iqlim şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də Abşeronda ağac və kol bitkilərinin əkilib becərilməsində bir sıra şərtlər diqqətdə saxlanılmalıdır:

1. Əsaslı tikililər üçün onun özülü nə dərəcədə əhəmiyyətlidirsə, ağac və kol bitkiləri üçün də torpaq amili o qədər vacib və əhəmiyyətlidir. Yəni torpağın tərkibini, strukturunu və digər xüsusiyyətlərini öyrənmədən orada hər hansı bitkinin becərilməsində bir çox çətinliklər ortaya çıxır. Abşeron yarımadasının torpaq tipi çox müxtəlif olmaqla, burada əsasən şorakətvari, boz-qonur və boz-qəhvəyi torpaqlar üstünlük təşkil edir. Bu torpaqlarda üzvi və mineral maddələrin miqdarı nisbətən aşağıdır. Ona görə də əksər dekorativ və meyvə bitkiləri burada zəif inkişaf edir. Əkilən bir çox bitkilər öz bioekoloji xüsusiyyətlərini normal şəkildə büruzə verə bilmirlər;

2. Bitkilərin formalaşmasında torpaq amilindən başqa həm də iqlim amilləri – işıq, hava, temperatur, rütubət və s. böyük rol oynayır. Qeyd olunan həmin amillər bitkilərin həyat amilləri adlanır. Bu amillərin hər birinin bitki üçün xüsusi əhəmiyyəti, onların hamısının müxtəlif dərəcədə olsa da, yalnız birlikdə təsiri zamanı mümkündür. Onların hamısı bitki üçün əhəmiyyətlidir və biri digərini əvəz edə bilməz. Toxumun cücərməsi üçün digər həyat amilləri (rütubət, işıq, qida, hava və b.) normada olduğuna baxmayaraq, yalnız istilik olmazsa o halda toxum cücərməz. Ona görə də bütün həyat amillərinin təmin olunduğu şəraitdə bitki böyüyüb inkişaf edə bilər. Həyat amillərinin öyrənilməsinin və

nizamlanmasının zəruriliyi məhz bu məqsədə xidmət edir. Bitki üçün zəruri olan bu amillər respublikanın ayrı-ayrı zonaları üçün spesifik xüsusiyyət kəsb edir;

3. Abşeronun torpaq tipi bir çox bitkilər, o cümlədən son illərdə bura müxtəlif ölkələrdən gətirilən bitkilər üçün əlverişli deyil. Həmin bitkilər srtukturalı (suyu və havanı yaxşı keçirən), qidalı, yüngül torpaqlarda daha yaxşı inkişaf edirlər. Ona görə də onları birbaşa Abşeronun adi qumlu-gillicəli torpaqlarına əkdikdə tezliklə quruyaraq məhv olurlar;

4. Yeni gətirilmiş bitkilər Abşeronun şimal küləklərinə də davam gətirməyərək ya inkişaf etmirlər, ya da birtərəfli inkişaf edərək eybəcər formaya düşürlər. Külək amili nəzərə alınmadan, Abşeronda bitkilərdə hər hansı dekorativ formanı yaratmaq çox çətindir;

5. Yay aylarında burada günəş şüasının yandırıcı intensivliyi əksər bitkilərin yarpaqlarında yanıqlıq törədir və onların inkişafına mane olmaqla bərabər xarici, dekorativ görkəminə də xələl gətirir. Yüksək istilik nəticəsində bitkilərdə baş verən yanıqlıq xüsusilə şəhərdaxili xiyabanlarda qabarıq nəzərə çarpır. Burada asfalt və beton döşəmələrdən sınıb qayıdan şüalar yandırıcı təsirə malik olduğundan şəhərdaxili bitkilərdə yanıqlıq daha çox müşahidə olunur;

6. Landşaftın bitkilərlə təşkilində digər amillərlə bərabər rütubət amili, bitkilərin su ilə təminatı da diqqətdə saxlanan məsələlərdəndir. Məlumdur ki, Abşeronda illik təbii yağıntıların miqdarı 250 mm-dən çox olmur. Belə şəraitdə süni suvarma aparılmadan burada bitki yetişdirmək mümkün deyil. Bitkilərin normal inkişafını təmin etmək üçün onlar yalnız şirin su ilə suvarılmalıdır. Şirin su, mütəxəssislərin də qeyd etdiyi kimi, təbii sərvətdir. Bu gün Abşeronda şirin su təminatı nəinki bitkilər, həmçinin insanlar və heyvanlar üçün də aktual problemlərdən biridir. Bu səbəbdən də bitkilər şirin su çatışmamazlığından daim ziyan çəkir və susuzluqdan quruma halları tez-tez baş verir.

Beləliklə, landşaftın bitkilərlə təşkilində yuxarıda qeyd olunan həyat

amillərinin ciddi şəkildə nizamlanması mütəxəssislərdən dərin bilik, təcrübə və bacarıq tələb edir. Həmin amillərin bəzi nizamlanma yollarını təqdim edirik.

Birinci növbədə landşaftın bitkiləri düzgün seçilməlidir. Yəni istifadə olunacaq bitkilərin bioekoloji xüsusiyyətləri ətraflı öyrənilməlidir. Ona görə ki, Abşeron landşaftında istifadə olunan bitkilərin əksəriyyəti hal-hazırda ayrı-ayrı botaniki-coğrafi ərazilərdən gətirilir. İlk növbədə bitkilərin təbii həyati formaları nəzərə alınmalıdır. Təbii həyati forma dedikdə, mənşəyindən, formalaşdığı mühitdən, həyatda qazandıqları biomorfoloji xüsusiyyətlərdən irəli gələn təbii bitki qrupları nəzərdə tutulur. Bunlar aşağıdakılardır: ağac tipli bitkilər, kol tipli bitkilər, ot tipli bitkilər və lian bitkilər.

Qeyd etməliyik ki, tədqiqatçılar bu qrupların arasında keçid xarakterli qrupları da göstərirlər. Belə ki, ağaclarla kollar arasında kol tipli ağaclar, kollarla otlar arasında yarımkol və kolcuq tipli bitkilərin, eyni zamanda su bitkilərinin də olduğunu fərqləndirirlər. Lakin, landşaft memarlığında, əsasən, birinci 4 qrup əsas götürülür. Bəs bu qrupları öyrənməkdə məqsəd nədən ibarətdir? Şübhəsiz ki, landşaft bitkiləri ilə iş zamanı, yəni bitkilərin seçilməsi, ərazidə bir-birinə uyğun yerləşdirilməsi, bir yerdən başqa yerə köçürülməsi, landşaftda yeri, qida sahəsi (havada və torpaqda) və b. işlərdə bitkilərin qrup xüsusiyyəti əsas amil kimi nəzərə alınmalıdır.

Ağac tipli bitkilər hündürboylu, genişçətirli, uzunömürlü olmaqla, əkildiyi yerdə uzun illər qalır. Uyğun olaraq bu bitkilərin kök sistemi də daha geniş torpaq sahəsi tələb edir. Məhz bu xüsusiyyətlərini nəzərə alaraq ağac tipli bitkilərə həm torpaqda, həm də havada daha geniş qida sahəsi (20-30 m2) ayrılmalıdır. Bitkilərin əkin dərinliyi kol və ot bitkilərinə nisbətən çox (50-60 sm) götürülməlidir.

Kol tipli bitkilərin boyunun hündürlüyü 5-6 m-dən yuxarı olmur. 3-5 m hündürlükdə olanları isə əksəriyyət təşkil edir. Kollarda çətirin tutduğu sahə ağaclara nisbətən az olur. Uyğun olaraq bu tip bitkilərdə kök sistemi də nisbətən az həcmli olur. Yaranma mənşəyindən asılı olaraq onların bir çoxu, məsələn, Dovşanalması, Dəfnəgilənar, Ölməzkol, Azaliya və b. kölgə və yarımkölgə ərazilərdə daha yaxşı bitirlər. Eyni zamanda ağac bitkilərinə nisbətən havada və

torpaqda daha az qida sahəsi tələb edirlər.

Ot tipli bitkilər az qida sahəsi tələb etməklə bir-birinə yaxın, bəzi hallarda çox sıx (1 m2 sahəyə 50-100 ədəd) əkilirlər.

Lian bitkilərinin tərkibi yuxarıda qeyd etdiyimiz qruplardan təşkil olunsa da, bir sıra fərqli xüsusiyyətlərə malikdir: tez böyüyürlər, az torpaq sahəsi tələb edirlər, digər qrup bitkilərin əkilməsi mümkün olmayan yerlərin, dəmir-beton səthlərin və b. yerlərin yaşıllaşdırılmasında daha çox istifadə olunurlar.

Beləliklə, bitkilərin həyati formalarını düzgün müəyyənləşdirdikdən sonra, onların digər bioekoloji xüsusiyyətləri torpaq münbitliyinə tələbatı, işığa, kölgəyə münasibəti, küləyə davamlılığı və s. öyrənilir.

Yuxarıda qeyd olunduğu kimi torpaq bitkilər üçün əsas qida mənbəyidir. Normal qidalanmayan bitki ətrafın əlverişsiz təsirlərinə (xəstəliktörədicilərə, ziyanvericilərə, şaxtalara, küləklərə və b.) qarşı az müqavimətli olur. Bu səbəbdən də Abşeron torpaqlarında bitkilərin əkilib becərilməsi üçün əlavə qidalı meşə torpaqlarına və digər qida maddələrinə (üzvi-mineral qidalar) ehtiyacı olur. Çox hallarda meşə torpağını səhvən bitkilərə təmiz halda (şirəli qum və üzvi gübrələr qarışdırmadan) verirlər. Xüsusilə yay ayları Abşeronun günəşli və küləkli iqlimində təmiz, qara meşə torpaqları quruyaraq bərkiyir və yeni əkilmiş bitkilərin kök sisteminin inkişafına əngəl törədir. Belə xoşagəlməz vəziyyətlə qarşılaşmamaq üçün əvvəlcədən kənardan gətirilmiş həmin qara meşə torpağı Abşeronun şirəli qumu ilə (1:0,5 nisbətdə) qarışdırılıb, sonra istifadə edilməlidir. Eyni zamanda bitki altında olan torpaqların kimyəvi tərkibi (turşuluğu, qələviliyi, azot, fosfor, kalium ehtiyatı) əvvəlcədən öyrənilməlidir. Tərkibi öyrənilmədən (ixtisaslaşmış laboratoriyalarda) torpaqlara hər hansı növ gübrələrin tətbiqi yolverilməzdir.

Bitkilərin işığa (günəşə) reaksiyasına da diqqət yetirilməlidir. İşıqsevən bitkiləri digər iriçətirli bitkilərin yaxınlığında və ya çətiri altında əkdikdə, gələcəkdə həmin bitki tədricən məhv olub sıradan çıxacaq. Eyni vəziyyət kolgəsevən növləri açıq ərazidə əkdikdə də baş verir. Bu səbəbdən işıqsevən və kölgəyədavamlı növlər düzgün seçilməlidir.

Abşeronda külək amli respublikanın digər bölgələrinə nisbətən bitkilərə daha güclü təsir edir. Güclü küləklər rütubəti sürətlə buxarlandırmaqla, torpağın qaysaq bağlayıb bərkiməsinə, eyni zamanda yarpaq və budaqlardan suyun buxarlanaraq, onların qurumasına səbəb olur. Güclü külək və istilər səbəbindən bitkilərdə rütubət balansı pozulur, kökdən daxil olan suya nisbətən yarpaqlardan buxarlanan suyun miqdarı çoxalır və bitkilərdə yay aylarında quruma, qış aylarında isə şaxta vurma halları baş verir.

Güclü küləklərin mənfi təsirinin aşağı salınmasında landşaft bitkilərinin düzgün yerləşdirilməsinin böyük əhəmiyyəti var. Hündürboylu, genişçətirli, küləyədavamlı növlər (Eldar şamı, İtalyan şamı, Həmişəyaşıl sərv, Arizona sərvi, Daş palıd və b.) ərazinin kənarında, əsasən şimal qərbində küləyədavamsız, alçaqboylular (Hind yasəməni, Dişli fortiniya, İriçiçək abeliya, Çin kameliyası və b.) isə cənub-şərq cəhətində və orta yarusda əkilir.

Bir çox hallarda ərazinin landşaftında bərpa işləri zərurəti yaranır. Yəni ərazidə bitkilər xeyli əvvəllər əkildiyindən müxtəlif səbəblər üzündən bir qismi quru və ya baxımsızlıq ucbatından eybəcər formaya düşmüş vəziyyətdə olur. Qeyd olunmalıdır ki, bitkili landşaftı bərpa etmək olduqca məsuliyyətli işdir.

Bərpa-yenilənmə işləri elə aparılmalıdır ki, əvvəllər əkilmiş və canlı qalmış bitkilərə çox ziyan dəyməsin. Uzun illər Abşeronun torpaq-iqliminə uyğunlaşmış belə bitkilər davamlı növlərdən hesab olunur. Bərpa işlərinə qurumuş, qocalmış, inkişafdan qalmış bitkilərin sahədən kənarlaşdırılmasından başlanılır. Daha sonra ərazi üçün perspektivli olan növlər müəyyən olunur. Bitki növlərinin düzgün seçilməsinin və qonşu olacaq növlərin düzgün təyin olunmasının da landşaftda böyük əhəmiyyəti vardır.

Landşaft memarlığının mühüm elementlərindən biri Qazon (yaşıl, canlı çəmən) sahələridir. Qazon, ərazinin təmizliyi, gözəl görünüşü və istidə sərinliyi üçün əvəzedilməz canlı vasitədir.

Abşeronun park və bağlarında, yol kənarlarında və b. son illər qazon sahələri genişlənməkdədir. Bu bir tərəfdən şübhəsiz ki, təqdirəlayiqdir. Lakin Abşeron şəraitində iqtisadi baxımdan çox hallarda səmərəli hesab olunmur. Qazon bitkiləri

suya tələbkar bitkilərdir. Xüsusilə yaz-yay ayları qazon bitkiləri intensiv suvarma tələb edirlər.

Yuxarıda qeyd olunduğu kimi Abşeronda illik təbii yağıntıların miqdarı çox aşağıdır. Ona görə də məcburən qazon sahələri hər gün şirin su ilə suvarılmalıdır. Abşeron yarımadasının özünün şirin su mənbəyi nəinki bitkiləri, insan və heyvanları belə təmin etmədiyindən bura şirin su respublikanın digər bölgələrindən gətirilir. İntensiv suvarma tələb edən Qazon bitkilərinə suvarma suyunun çatdırılmasının çətinliyi buradan qabarıq nəzərə çarpır. Bununla yanaşı tez-tez suvarıldığından qazon otları sürətlə böyüyüb kobudlaşır, rəngi saralır, qoca zoğlar çılpaqlaşır və qazon öz dekorativliyini itirir. Ərazinin gözəlliyini qoruyub saxlamaq üçün bütün vegetasiya müddəti (180-200 günə qədər) qazon bitkiləri 7-10 gündən bir biçilməlidir. Mütəxəssislər də zaman-zaman eyni fikirdə olmuşlar ki, Abşeronda qazon sahələrinin genişləndirilməsi iqtisadi baxımdan sərfəli deyildir.

Qazon sahələrinin tez-tez biçilməsi, təmizlənməsi, biçilmiş otların daşınması və s. özlüyündə əlavə vəsait tələb edir. Bəs qazon bitkilərindən istifadəni azaltmaq, onun yerinə digər bitkilərdən istifadə etməklə daha yaxşı effekt əldə etmək mümkündürmü?

Qeyd olunmalıdır ki, indi bir çox hallarda fərdi həyətyanı sahələrdə meyvə bitkilərinin əkildiyi ərazilərdə bitki altının başdan-başa qazonla örtülü olduğunun çox şahidi oluruq. Əvvəla qazonla örtülü sahələrdə qazon otları sıx, çətin hava keçirən çim təbəqə əmələ gətirdiyindən meyvə bitkilərinin kökləri normal havalanmır və inkişafı zəifləyir. İkincisi, qazon bitkiləri yaz-yay ayları demək olar ki, hər gün suvarılma tələb edir. Tez-tez suvarılan belə sahələrdə təbiidir ki, meyvə bitkiləri də suvarılır. Bu isə onların tədricən məhvinə səbəb olur. Birmənalı olaraq nəinki təkcə meyvə bitkiləri, ümumiyyətlə əksər ağac cinsləri becərilən ərazilərdə qazon otlarından istifadə yolverilməzdir. Bundan başqa ərazisi nisbətən iri landşaftlarda geniş qazon sahələri əvəzinə dekorativ ağac və kol bitkilərinin əkilməsi daha məqsədə müvafiqdir. Belə əkinlərdə bitkilərin suvarılması damcı üsulu ilə aparılır və su itkisinə yol verilmir.

Nəhayət Abşeron şəraitində əksər ərazilərdə qazon bitkilərini quraqlığa davamlı çoxillik çiçək bitkiləri və kolcuqlarla əvəz etmək olar. Bu tələbata cavab verən həm təbii floramızda, həm də müxtəlif ölkələrdən gətirilmiş çiçək və kolcuqlar kifayət qədərdir ki, onları da asanlıqla çoxaldıb yaymaq olar.

 

Mehralıyev Asif Dadaş oğlu

AMEA Mərkəzi Nəbatat bağının aparıcı

elmi işçisi, b.ü.f.d., dosent.

27.11.2020