Xəbərlər

  • Xəbərlər
  • “Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

Oktyabrın 18-də Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının, həmçinin Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ikinci aksiyası keçirilib.

Azərbaycanın endemik bitkilərinin qorunmasını təbliğ edən aksiyanın məqsədi bəşəriyyətin gələcək inkişafının qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə yönəltməkdir.

Tədbirdə Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, Bakı şəhərinin 6 və 132-134 nömrəli orta məktəblərinin 200-dən çox şagirdi iştirak edib. Aksiya iştirakçılarının digər qismi Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endemik bitki tinglərini mütəxəssislərin köməyilə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər.

Məktəblilərin bir hissəsi Dənizkənarı Milli Parkda ölkəmizin endemik florasına aid çəkdikləri rəsmləri sərgilənib və AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi Sadıq Qarayev şagirdlərə Azərbaycan endemləri barədə interaktiv mühazirə keçib. S.Qarayev insanların təbiətə nəzarətsiz müdaxiləsinin yüzlərlə bitki və heyvan növünün məhvinə gətirib çıxardığını onların diqqətinə çatdırıb.

AMEA Mərkəzi Nəbatat Bağının baş agronomu İlkin Şəfiyevin kuratorlığı ilə aksiya iştirakçılarının bir hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş və digər endem bitkilərin (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) tinglərini mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər.

18.10.2019