Xəbərlər

“Viruslar və pandemiya: cari vəziyyət və gələcək, yaxud ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi keçirilib


İyunun 1-də Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Viruslar və pandemiya: cari vəziyyət və gələcək, yaxud ümidlər və reallıq” mövzusunda onlayn ustad dərsi keçib.

Dərsə videobağlantı vasitəsilə qoşulan universitetin rektoru Elçin Babayev alimin fəaliyyətindən danışıb. O, Qərib Mürşüdovun araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açaraq, professorun elmi tədqiqatlarına 46 mindən çox istinad olduğunu qeyd edib.

Daha sonra Qərib Mürşüdov məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnun olduğunu deyib.

O, koronavirus pandemiyasının yaratdığı qlobal problemlər, infeksiyanın geniş yayılmasının səbəbləri, virusla mübarizədə qarşıya çıxan çətinliklər, COVID-19-un diaqnostika və müalicə üsulları, vaksinlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib. Alim artıq dünyada sosial məsafənin vacib davranış qaydası hesab edildiyini deyib və insanları bu qaydalara riayət etməyə çağırıb.

“Microsoft Teams” platforması üzərindən təşkil edilmiş dərs tələbələrin böyük marağına səbəb olub. BDU-nun Biologiya fakültəsinin dekanı Çingiz Məmmədovun moderatorluğu ilə keçirilən ustad dərsi iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

02.06.2020