Xəbərlər

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb


AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu, həmçinin ölkə başçısının 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AMEA-nın Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı yer alıb.

Mətbu orqanın növbəti səhifələrində akademik Ramiz Mehdiyevin AMEA Rəyasət Heyətinin üzvləri adından Prezident İlham Əliyevə məktub ünvanlaması, AMEA prezidentinin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlaması, o cümlədən akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam və AMEA-nın onlayn müşavirəsi barədə materiallar əks olunub.

Bundan əlavə, oxucular qəzetdə "Ümummilli liderlik: təcəssümü və təntənəsi", "Heydər Əliyev mövqeyi", "Milli birlik və vətəndaş həmrəyliyi", "Koronavirus pandemiyası ilə mübarizə və xalq təbabəti" adlı məqalələr, "Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr" mövzusunda beynəlxalq onlayn konfrans, Azərbaycan alimlərinin COVID-19 pandemiyasına dair apardığı tədqiqatlar, bitki yağlarından biodizelin alınması barədə müsahibə, yeni nəşrlər və s. məlumatlarla tanış ola bilərlər.

20 səhifəlik qəzetdə rus dilində maraqlı məqalələr də yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

18.05.2020