Xəbərlər

“Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsi çapdan çıxıb


Azərbaycan Botaniklər Cəmiyyətinin “Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsi işıq üzü görüb. 

Nəşrin ilk nömrəsində Azərbaycanın beş elmi təşkilatından göndərilmiş 15 məqalə öz əksini tapıb. 

Jurnal cəmiyyətə daxil olan müxtəlif elmi təşkilatların nümayəndələrinin birgə marağı əsasında təsis edilib və respublikada aparılan elmi-tədqiqatişlərinin nəticələri ilə geniş auditoriyanı tanış etmək məqsədi daşıyır. Vəsaitin baş redaktoru Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, akademik Validə Əlizadədir.

Nəşrdə floristika, sistematika, taksonomiya, fotosenologiya, etnobotanika, introduksiya, botanika fiziologiyası, molekulyar biologiya və biotexnologiya da daxil olmaqla, bitki və göbələk elminin bütün sahələrində aparılan eksperimental tədqiqat işləri çap edilir. “Azerbaijan Journal of Botany” üç dildə (Azərbaycan, inglis, rus) və ildə iki dəfə dərc olunur.

Jurnala məqalə qəbulu il boyu Azərbaycan Botaniklər Cəmiyyətinin internet səhifəsinə (www.botany.az) yerləşdirilmiş təlimat üzrə həyata keçirilir.

Qeyd edək ki, artıq növbəti ikinci nömrəyə məqalə qəbulu yaxın günlərdə başlanacaq.

15.10.2020