Xəbərlər

Azərbaycan Botaniklər Cəmiyyəti Botanika Bağlarının Beynəlxalq Mühafizəsi Təşkilatına üzv seçilib


Beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətlərin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Botaniklər Cəmiyyəti Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI) Təşkilatına üzv seçilib.

Qeyd edək ki, AMEA-nın Botanika İnstitutunun nəzdində yaradılan bu cəmiyyət respublika üzrə 12 təşkilatı təmsil edir.

Əsas qərargahı Böyük Britaniyada yerləşən, ABŞ, Çin, Kenya və Rusiyada regional ofisləri fəaliyyət göstərən BGCI 1987-ci ildən dünyanın 100-dən çox ölkəsinin botanika sahəsində çalışan təşkilatlarını bitki mühafizəsi üzrə qlobal bir şəbəkədə birləşdirir və təmsil edir.

Təşkilatın əsas məqsədi bitki mühafizəsi istiqamətində innovativ və strateji layihələrin təşkili və idarə edilməsi, bitki müxtəlifliyinin təmin edilməsi üzrə tərəfdaş və üzvlərin cəlb edilməsi, botanika bağlarında və daha geniş cəmiyyətdə əlaqələrin yaradılması, eləcə də bitkilərin mühafizəsi və müasir çağırışlara cavab verən fəaliyyətin dəstəklənməsidir.

Qeyd edək ki, Azərbaycan Botaniklər Cəmiyyəti ölkə botaniklərini dünya botanika cəmiyyətinə cəlb etməyi və BGCI-nin gələcək inkişaf üçün faydalı olan xidmətlərindən məqsədyönlü istifadə etməyi nəzərdə tutur.

22.06.2020